Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələr keçirilir.
Müsahibə üçün müraciət edən valideynlərin övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.
Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün 12 iyun tarixindən həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibə nəticəsi məqbul olmayan uşaqlar üçün valideynlər Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.
Paytaxtdakı ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 3 mərkəzdə 12 Müsahibə komissiyası fəaliyyət göstərir. Uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və Vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndirilir.
Müsahibə zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır. Eləcə də müsahibədə valideynin iştirakı təmin olunur.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə və digər struktur bölmə rəhbərləri tərəfindən müsahibənin gedişi yaxından izlənilir, müsahibə komissiyalarının fəaliyyəti üçün yaradılan şəraitə baxış keçirilir, valideyn məmnunluğu və şəffaflığın qorunması istiqamətində görülmüş işlərlə bağlı tövsiyələr verilir.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibələr 7-30 may tarixlərini əhatə edir. Müsahibədən uğurlu nəticə əldə edən uşaqların valideynləri 12 iyun-13 sentyabr 2024-cü il tarixlərində məktəb və müəllim seçimi edə bilərlər.