Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də keçirdiyi rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdinin nəticələrini açıqlayıb.
 
DİM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, imtahanda iştirakı nəzərdə tutulan 1274 namizəddən 35 nəfəri imtahana gəlməyib. 252 namizəd isə birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
 
Müsabiqə şərtini ödəyənlərdən 128 nəfər 4 və ya 5-ci kurs tələbələridir.
 
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.
 
Mayın 5-də keçirilmiş imtahanda 71 nəfər bu ilin, 53 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 124 namizəd ikinci mərhələyə buraxılıb.
 
Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 376 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
 
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 7 may saat 10:00-dan 8 may saat 17:00-dək müraciət edə bilərlər.
 
Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 23-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat mayın 10-19-da DİM-in saytında internet vasitəsilə aparılacaq.
 
Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 4-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.