İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Şəki Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Lənkəran Peşə Liseyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalında təmsil olunublar.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Milli Xalça Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə baş tutub.
 
Festivalda qədim, müasir, eləcə də müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı təşkil olunub. Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədilərək rəngarəng və sehirli gözəlliyə bürünüb.
 
Festivalda nümayiş etdirilən peşə təhsili müəssisələrinin xalçaçı və geyim üzrə dizayner ixtisası qruplarının əl işlərindən ibarət sərgi stendi şəhərimizin qonaqları və festival iştirakçılarının böyük marağına səbəb olub.
 
Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi etdiyi Milli Xalça Festivalı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.