Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator bölməsinin rezidenti olan iki komandası “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində 6 aylıq inkubasiya proqramında iştirak hüququ qazanıb. 

 

Bu barədə “Azərbaycan müəllimi”nə AzMİU-dan məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən “Yeni üfüqlər, böyük fürsətlər” adlı  tədbir keçirilib. Mərkəzin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində baş tutan tədbirində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyə Cümhuriyyətinin Bilişim Vadisinin direktoru Erkam Tüzgen, layihənin mentorları, startap komandaları, müxtəlif dövlət, özəl qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görülmüş işlərə, hazırkı gedişata dair təqdimat edilib. Sonra startap layihələrinin tanıdılması, investorların cəlb edilməsi məqsədilə ASAN TV vasitəsilə yayımlanacaq verilişə dair videoçarx, eyni zamanda "Bilişim Vadisi" ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramının təqdimatı nümayiş olunub.

 

Qeyd edək ki, proqrama ilkin mərhələdə müraciət etmiş 47 komandadan 30 komanda seçilərək növbəti mərhələyə buraxılıb.  İkinci mərhələdə isə 30 komanda “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi” tərəfindən təyin olunmuş hakim heyətinin qiymətləndirməsindən keçib. Yekunda AzMİU-nun iki startap komandasının da daxil olduğu 10 komanda 6 aylıq inkubasiya proqramında iştirak hüququ qazanıb.

 

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyaların inkişafı üçün tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi əsas hədəflərdir.