Özbəkistanın Daşkənd Kimya Texnologiya İnstitutunun rektoru professor Botir Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

 

BANM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə rektor Elmar Qasımov qonaqlara ali məktəb haqqında ətraflı məlumat verib. Deyib ki, rəhbərlik etdiyi ali məktəblə Özbəkistanın Daşkənd Kimya Texnologiya İnstitutu arasında münasibətlər yüksək səviyyədədir və bu görüş münasibətlərin inkişafı üçün növbəti uğurlu addımdır.

 

BANM-də yaradılan şəraiti yüksək qiymətləndirən Daşkənd Kimya Texnologiya İnstitutunun rektoru Botir Usmonov buradakı təcrübədən yararlanmaq istədiklərini qeyd edib. Rektor, həmçinin mayda Özbəkistanda keçirilən Hakatona BANM-in tələbə və əməkdaşlarını dəvət edib.

 

Görüşdə magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi, tələbə mübadiləsinin aparılması, yay məktəblərinin təşkil edilməsi ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub.