Bu il təsis olunmasının 25 illiyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) universitetlərlə iş birliyi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) infosessiya keçirib.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbirdə ARDNF-nin Strateji kommunikasiya şöbəsinin müdiri Ülviyyə Mehralıyeva, İnvestisiya departamentinin baş treyderi Fuad Təmirov və baş təhlilçisi Nigar Əzizova, Büdcə və layihələr departamentinin baş iqtisadçısı Aysel Sadıqlı və Enerji layihələri departamentinin aparıcı iqtisadçısı Kamran Əlizadə tərəfindən tələbələrə Fondun missiyası, məqsədi,  dəyərləri, investisiya fəaliyyəti, maliyyələşdirdiyi ümummilli layihələr və neftdən əldə edilən gəlirlərin bölündüyü sahələr, eləcə də, maliyyə bazarlarında baş verən dalğalanmalar və cari vəziyyət, Ətraf mühit, Sosial və İdarəetmə (ESG) prinsiplərinin investisiya fəaliyyəti üzrə tətbiqi haqqında ətraflı məlumat təqdim olunub.
 
Tədbirin ikinci hissəsində İnsan resursları departamentinin baş mütəxəssisi Rəna Xalilova ARDNF-nin işə qəbul prosedurları və Yay təcrübə proqramı mövzusunda təqdimatla çıxış edib. Tələbələrin suallarını cavablayan ARDNF-nin əməkdaşları onlarla peşakar fəaliyyətlərində qazanılan təcrübələri və öz tövsiyələrini bölüşüblər.