Müasir təhsil proqramlarının əsas tələbi şagirdlərdə bilik və bacarıqları formalaşdırmaqdır. Şifahi qiymətləndirməni həm üsul, həm də forma olaraq qəbul edə bilərik. Şifahi nitq bacarıqlarının və ya danışıq bacarıqlarının ölçülməsi zəruri olan tədris dili, ədəbiyyat və xarici dil fənlərində şifahi qiymətləndirmə üsuldur. Bu zaman şagirdlərin nitqdən doğru istifadəsi xüsusi meyarlar əsasında qiymətləndirilməlidir.
 
"Azərbaycan müəllimi" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin "1 sual, 1 cavab" rubrikasına istinadən məlumat verir ki, forma olaraq şifahi qiymətləndirmədə şagirdin tapşırıqlara verdiyi cavabların doğruluğu və yanlışlığı ölçülür.
 
Şifahi formada qiymətləndirmə aparan zaman şagirdlərin hər suala uyğun olaraq əldə etdiyi ballar və ümumi nəticələr müvafiq cədvəldə qeyd olunur.
 
Şagirdlərin hər birinə müvafiq çətinlik səviyyələri üzrə suallar təqdim olunmalıdır. Əgər summativ qiymətləndirmə üsul və ya forma olaraq şifahi keçirilib və müvafiq qeydlər aparılmayıb, yalnız yekun ballar yazılıbsa, həmin summativ qiymətləndirmə etibarsız sayılır. Bu cür hallara yol verən müəllimlər isə "Müəllimlərin etik davranış qaydaları"nın 2.1.3. və 4.1.6. bəndlərini kobud şəkildə pozmuş hesab olunur və intizam məsuliyyəti daşıyırlar.