Böyük Britaniyanın “Times Higher Education” şirkəti Asiyanın yaxşı ali təhsil müəssisələrinin 2024-cü il üzrə reytinqini (Asia University Rankings 2024) açıqlayıb.
 
"Azərbaycan müəllimi"nin məlumatına görə, Çinin Tsinhua  Universiteti və Pekin Universiteti beşinci ildir ki, ardıcıl olaraq sıralamada birinci və ikinci yeri tuturlar. Bu il Çinin beş universiteti (ötən dörd illə müqayisədə) reytinqin top-10-luğuna daxildir. Çinin Çjetszyan Universiteti 12-ci yerdən 9-cu yerə yüksəlib. Honkonq və Sinqapurdan olan ali təhsil müəssisələri də ilk 10-luqda təmsil olunurlar. Bu il Honkonqun aparıcı universitetləri reytinq göstəricilərində aşağı düşüb, Sinqapur  universitetləri isə reytinqdə davamlı və sabit mövqe nümayiş etdirməkdədirlər. 
 
Yaponiyanın aparıcı müəssisəsi olan Tokio Universiteti 8-ci yerdən 5-ci yerə yüksəlib ki, bu da 2015-ci ildən bəri ən yüksək göstəricidir. Bununla yanaşı, Cənubi Koreyanın Seul Milli Universiteti  ötən ilki 10-cu yerdən uzaqlaşaraq 14-cü yerdə qərarlaşıb. 
 
Çin 100 ən yaxşı ali təhsil müəssisəsi arasında 33 universitetlə təmsil olunmaqla üstün mövqedədər. Bütövlükdə 2024-cü ilin reytinqinə 31 ərazidən 739 ali təhsil müəssisəsi daxil olub. Ümumi reytinqdə ən çox təmsil olunan ölkə Yaponiyadır. Builki sıralamada Yaponiyanın 119 universiteti yer alıb. Sıralamada Hindistanın 91 ali təhsil müəssisəsi yer tutub. Ötən ildən bu yana reytinqə ümumilikdə 98 ali məktəb qoşulub. Bu artıma Hindistan, Türkiyə, İran və Pakistan rəhbərlik edir.
 
Ötən ilki reytinqlə müqayisədə (61 universitet) builki sıralamada Türkiyə universitetlərinin sayı 75-dir. Koç Universiteti və Orta Doğu Texniki Universiteti 69-cu yeri bölüşür, İstanbul Texniki Universiteti isə 149-cu yerdən 92-ci yerə yüksəlib.
 
Universitetlər tam və balanslı müqayisələri təmin etmək üçün bütün əsas missiyaları - tədris, tədqiqat, bilik ötürülməsi və beynəlxalq baxış üzrə qiymətləndirilib. 
 
Reytinqin tərtibçiləri qeyd edirlər ki, artıq onilliklərdir, Asiya universitetlərinin yüksəlişi qlobal ali təhsildə ən böyük hekayələrdən biridir. “Times Higher Education Asia University Rankings”in bu buraxılışında irəliləyişlərə təkan verən bəzi tendensiyalar yenidən işlənib  və təkmilləşdirilmiş metodologiyalar qurum tərəfindən kəskin şəkildə yüngülləşdirilib.
 
Oruc MUSTAFAYEV