Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Dillər Universitetində (ADU) müsabiqə elan edilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil 1 və Təhsil 2 fakültələrinin Müəllim və Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə Pedaqogika kafedrası 2-ci kurs tələbələri arasında Ulu Öndər Heydər Əliyevin təhsil və gənclər siyasəti istiqamətində fəaliyyətini əks etdirən “Təhsil mənim gələcəyimdir” mövzusunda müsabiqə elan edib.

 

Qeydiyyat üçün son tarix 03.05.2024-cü ildir.

 

II mərhələdən ibarət müsabiqə aşağıdakı mövzuları əhatə edir:

 

- Heydər Əliyev və təhsil siyasəti;

- Təhsil Qanunu;

- Pedaqoji nəzəriyyələr;

- İnklüziv təhsilin pedaqogikası.

 

Birinci mərhələdə qeyd olunan mövzular üzrə 25 sualdan ibarət (50 ballıq) test tapşırığı qiymətləndiriləcək. 40-50 bal toplayan tələbə yarışın ikinci mərhələsində iştirak etmək hüququ qazanacaq. Müsabiqənin ikinci mərhələsi essenin təqdimatından ibarətdir. Esselər maksimum 100 balla qiymətləndiriləcək.

 

Xüsusi komissiyanın verdiyi ballara əsasən, qaliblər müəyyən ediləcək. Hər bir laureata pul mükafatı təqdim olunacaq, xüsusi fərqlənən 6 nəfər tələbə isə sertifikatla təltif ediləcək.