Riyaziyyatı öyrənmək bəzi uşaqlara çətin gəlir. Vurma cədvəli, sadə hesablamalar hamı üçün başa düşülən olsa da, yuxarı siniflərdəki tənliklər, düsturlar, teoremlərin isbatı, triqonometrik funksiyalar çoxlarına qəliz görünür.
"Azərbaycan müəllimi" "Azərbaycan məktəbi" jurnalına istinadla uşaqlara riyaziyyatı sevdirən kitablar barədə məqaləni təqdim edir:
“Elmlərin şahı” adlandırılan fənnin öyrənilməsini asanlaşdırmaq üçün onlarla kitab yazılıb. Müəlliflər fərqli üslub və texnologiyalar ilə çətin görünən riyaziyyatı asanlaşdırmağa çalışıblar.
BBC-də maarifləndirici proqramların aparıcısı, bir çox təbiət hadisələrini və riyazi qanunauyğunluqları asan dildə çatdıran uşaq nağıllarının müəllifi Kjartan Poskitt "Böyümək üçün riyaziyyat" kitabı ilə daha çox tanınıb. O, kitabda bir çox riyazi əməliyyatları sürətlə yerinə yetirməyi, beyninizdə saymağı, pul qəbzinin düzgünlüyünü yoxlamağı, kulinariya reseptlərində inqrediyentlərin nisbətlərini hesablamağı öyrədir.
Digər britaniyalı yazıçı Aleks Bellos “Gözəllik meydanı. Rəqəmlər həyatı, həyat isə rəqəmləri necə əks etdirir?” kitabında riyaziyyatı hər kəsə sevdirməyi öz üzərinə öhdəlik kimi götürüb. Bu kitabın köməyi ilə nəinki nisbətləri, sinusoidləri anlayacaq, həm də Qədim Dünya Tarixi haqqında biliklərinizi genişləndirəcəksiniz. Çünki bir çox riyazi kəşflərin tarixi antik dövrlərə gedib çıxır.
ABŞ-ın Oklend Universitetinin professoru Barbara Ann Oakley “Riyaziyyatçı kimi düşünün” kitabında riyaziyyatı asanlıqla öyrətmək həmkarlarından və tələbələrindən üçün ipucları toplamağa çalışsa da buna nail ola bilmədiyini yazır. Müəllif kitabda çətin riyazi problemləri maraqlı və həyəcan dolu həyat hekayələrinin içində təqdim edir.
Corc Polyanın "Riyazi kəşf" kitabı istənilən problemlərin həllini öyrənmək istəyənlər üçündür. Müəllif müxtəlif məsələlərin düzgün həll yolunu tapmaq üçün texnikalar öyrədir və riyaziyyatın mənimsənilməsinə mane olan, təhsildə çox yayılan səhvləri təhlil edir.
Macar əsilli amerikalı alim Corc Polya isə ədədlər nəzəriyyəsi və funksional analiz üzrə tədqiqatları ilə məşhurdur.
Cordan Ellenberqin "Səhv etməmək üçün riyazi təfəkkürün gücü” kitabı təkcə riyazi hesablamalarda deyil, peşə seçimində, biznes strategiyasında və hətta lotereyada səhv etməməyi öyrədir. Viskonsin Universitetinin (ABŞ) riyaziyyat üzrə professoru Cordan Ellenberq hesab edir ki,“Riyaziyyat bilikləri nizamsız, xaotik səth altında gizlənmiş dünyanın quruluşunu görməyə imkan verən rentgen eynəklərinə bənzəyir”.
Hanna Frayın "Sevgi Riyaziyyatı" kitabında riyaziyyatın köməyi ilə sevgidə səhv etməməyin yolları izah edilib. Tanınmış radio və televiziya aparıcısı Fray riyazi təhsilini London Universitet Kollecində alıb və biliklərini təcrübədə uğurla tətbiq edib. Hanna ünsiyyət qurmaq istədiyiniz insanlarla qarşılıqlı uyğunluğu hesablamaq, gələcəyi optimallaşdırmaq barədə mühazirələr verir. Təbii ki, riyaziyyatın köməyi ilə.
Amerikalı riyaziyyatçı Artur T.Benjamin riyaziyyatı “Rəqəmlərin sehri” sayır və oxucusunu buna inandırmağa çalışır. A.Benjamin sizə beyninizdə sürətli hesablamağı, triqonometriyanı asan başa düşülən dildə izah etməyi öyrətməyə hazırdır. O, hazırda Harvey Mud Kollecində (ABŞ) dərs deyir.
Müxtəlif sahələrdə uğur qazanmış yaradıcı insanın başqa bir nümunəsi riyaziyyatçı və fantastika janrında əsərləri ilə tanınan yazıçısı İen Stüartdır. O, həm də "Professor Stüartın riyazi tapmacaları" kitabı ilə məşhurlaşıb.
Elmi karyerası ərzində ABŞ, Yeni Zelandiya, Almaniya və Böyük Britaniya universitetlərində dərs deyən Stüart rəsm çəkməyi, sualtı üzgüçülüyü, akvarium balıqları yetişdirməyi və gitara çalmağı sevib. İan Stüartın tapmacalar toplusu riyaziyyata ən laqeyd insanda belə maraq oyadacaq və dəqiq elmlərin sirlərini öyrənməsinə yardım edəcək.
Nelli Litvak və Andrey Rayqorodski “Riyaziyyat kimə lazımdır? Rəqəmsal dünyanın necə işlədiyinə dair aydın kitab”ı da riyaziyyatı asan yollarla öyrənməklə bir çox sahədə uğur qazanmağın sirləri haqqındadır.
Təcrübəli universitet müəllimləri bir çox gəncləri narahat edən kompüter peşələri mövzusunu dərindən araşdırmağı öhdələrinə götürüblər. Riyaziyyatın köməyi ilə proqramlar yazmaq, kompüter şəbəkələri dizayn etmək, məlumatları şifrələmək və ya onlayn reklam kampaniyası aparmağın yollarını öyrədirlər. Nelly Litvak Tvente Universitetində (Niderland), Andrey Rayqorodski isə Rusiyanın bir sıra aparıcı universitetlərində müəllim kimi işləyib.
Riyaziyyatla heç bir bağı olmayan ibtidai sinif şagirdlərinə bu elmi sevdirmək üçün nağıllar da köməyə gələ bilər. Özü də bu nağıllar fizika-riyaziyyat elmləri üzrə məqalələrin və dərsliklərin müəllifi Lev Gendenşteynin təxəyyülünün məhsuludur. Onun ibtidai məktəb şagirdləri üçün yazdığı riyaziyyat haqqında nağılları Lyuis Kerrollun məşhur "Alisa möcüzələr diyarında” kitabına uyğunlaşdırılıb. “Alisa riyaziyyat diyarında” qəhrəman riyaziyyatın sehrinə düşür və bu ölkəni kəşf edir.
Sadalanan kitablar müxtəlif yaşlı uşaqlara riyaziyyatı daha asan yolla çatdırmağı hədəfləyib.