2024-cü il üzrə əsas fəaliyyət istiqamətlərindən biri olan “təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi” istiqaməti sahəsində Təhsilin İnkişafı Fondu və “Silk Vey Vest aviaşirkəti” MMC şirkəti arasında ianə müqaviləsi imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, dövlət-özəl əməkdaşlığının bariz nümünəsi olan layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında 6 ümumi təhsil müəssisəsinin tikintisinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulur. 5 məktəb Abşeron rayonunda, 1 isə Kürdəmir rayonunda yerləşir.
Ümumilikdə, layihə çərçivəsində Bakı şəhərində yerləşən 5 məktəbin və Kürdəmir rayonunda yerləşən 1 məktəbin əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi nəzərdə tutulur. Layihənin uğurlu icrası nəticəsində təhsil müəssisələrində 4596 şagirdin təhsil şəraiti yaxşılaşdırılacaqdır.
Belə ki, layihə çərçivəsində Novxanı kəndi, M.Hüseynzadə adına 1 saylı 640 şagird yerlik orta məktəb binasının əsaslı təmiri və 400 şagird yerlik əlavə korpusun tikilməsi;
Nərimanov rayonu 57 nömrəli tam orta məktəbin sökülərək yerində 480 şagird yerlik yeni binanın tikilməsi;
Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin sökülərək yerində 624 şagird yerlik yeni binanın tikilməsi;
Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin sökülərək yerində 528 şagird yerlik yeni binanın tikilməsi;
Suraxanı rayonu 141 nömrəli 940 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və yararsız korpusun sökülərək yerində 720 şagird yerlik əlavə korpusun tikilməsi;
Kürdəmir rayonu, Axtacı kənd tam orta məktəbin sökülərək yerində 264 şagird yerlik yeni binanın tikilməsi gözlənilir.
Təhsilin İnkişafı Fondu bütün maraqlı tərəfləri dövlət-özəl tərəfdaşlığı çərçivəsində təhsilin inkişafı və təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması məqsədilə əməkdaşlığa dəvət edir.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1399 nömrəli Fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir. Fondun əsas fəaliyyət istiqamətləri təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılması, təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanması və həyata keçirilməsində də iştirak etmək, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılmasıdır.