Türkiyənin Təhsil Nazirliyi 2024-2025-ci tədris ilində “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanıldığını elan edib.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 30-da Türkiyə Təhsil Nazirliyinin rəsmi saytında bununla bağlı müvafiq elan yerləşdirilib.
 
Ərizələr onlayn formatda www.basvuru.gov.tr saytı üzrə cari il mayın 13-dək qəbul edilir, müsahibə isə mayın 15-nə nəzərdə tutulub.
 
Müsabiqənin seçmə mərhələsindən keçən hər kəsə 800 manat (bir ildə on ay ərzində) təqaüd verilir, həmçinin viza xərcləri, tibbi sığorta, habelə il ərzində bir dəfə olmaqla “ekonom” tarifi üzrə bir aviabiletin qiyməti ödənilir.
 
Ərizələrin təqdim edilməsi hüququ yalnız Türkiyə vətəndaşlarına aiddir. Bakalavr dərəcəsi, o cümlədən tibb fənləri üzrə təhsil almaq üçün yaş həddi 35 ildir.
 
Eyni zamanda, Türkiyə vətəndaşları üçün magistraturada təhsil imkanı 40 yaşadək, doktoranturada isə 45 yaşa qədərdir.