Azərbaycan ali təhsilinin ən uğurlu layihələrindən biri olan SABAH-da karyera yüksəlişində inamlı addımlar atan növbəti məzunlardan biri də “Böyük dördlük” (“big 4”) şirkətlərindən olan Lüksemburqdakı KPMG audit departamentində kiçik menecer vəzifəsində çalışan Şamo Hüseynovdur. 
 
Onunla müsahibəni “Azərbaycan müəllimi”nin oxucularına təqdim edirik.
 
- Xahiş edirik, oxucularımıza bir qədər özünüz haqqında məlumat verəsiniz.
 
- 1996-cı ildə Qobustan rayonunda anadan olmuşam. Orta təhsilimi Bakı şəhəri 311 nömrəli tam orta məktəbdə almışam. Oxuduğum 11 il ərzində hər zaman fəallığım ilə seçilmişəm. Müsabiqə və bilik yarışlarında iştirakım olub. Respublika fənn olimpiadalarında müxtəlif fənlər üzrə biliyimi sınamışam. Məktəbdaxili riyaziyyat, tarix fənləri üzrə keçirilən bilik yarışlarında sinif yoldaşlarımızla komanda şəklində 1-cilik əldə etmişik. On il ərzində qiymətlərim hər zaman yüksək olub və məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Mənim üçün məktəb həyatımın ən unudulmaz illəridir; şəxsiyyət kimi formalaşmağımda mühüm rol oynayıb. 
 
- UNEC-in SABAH qruplarının məzunusunuz. SABAH-ın sizin fəaliyyətinizdəki rolu nədən ibarətdir?
 
- 2014-cü ildə 657 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə” ixtisasına daxil oldum. Universitetdə SABAH qruplarının fəaliyyətini diqqətlə izləyirdim. Həmin qruplardakı təhsil mühiti mənə çox maraqlı idi. Və bu layihənin bir parçası olmaq arzusu ilə SABAH-a müraciət etdim. Müraciətimə təsir edən faktorlar isə, ilk növbədə, onun Elm və Təhsil Nazirliyinin layihəsi olmasıdır ki, bu da özlüyündə böyük imkanlar və xüsusi diqqət deməkdir.Təhsil ingilis dilində olduğu üçün fikirləşdim ki, dil bacarığımı inkişaf etdirmək, eləcə də təhsil almaq üçün mükəmməl bir seçimdir və gələcək karyerama müsbət təsir edəcək. 
 
 
 
Beləliklə, arzusunda olduğum təhsili SABAH qruplarında aldım. Daha yaxşı tədris mühitində, seçilmiş müəllim və tələbələrin əhatəsində olmaq mənim üçün əla şans idi. SABAH layihəsi bir çox potensiallı gənclərin üzə çıxarılması, onların inkişafına dəstək baxımından möhtəşəm addımdır. 
 
- SABAH sizə hansı imkanları yaratdı?
 
- Çox rahatlıqla deyə bilərəm ki, SABAH qruplarında təhsil almasaydım, gənc yaşda özümə uğurlu karyera qura bilməzdim. Bu məsələdə SABAH-ın rolu əvəzedilməzdir. Elə layihənin əsas məqsədlərindən biri də ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq savadlı, bacarıqlı və hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir ki, düşünürəm, artıq 10 illik təcrübəsi olan SABAH buna uğurla nail olub. Öz timsalımda deyə bilərəm ki, böyük şirkətlərdə işləyən iş insanları ilə əlaqələrimin formalaşmasında SABAH-ın müstəsna rolu var. 
 
- Hazırda Lüksemburqdakı “Böyük dördlük” (“big 4”) şirkətlərindən olan KPMG-nin audit departamentində çalışırsınız. Azərbaycan ali təhsilinin yetirməsi kimi xaricdə fəaliyyət göstərmək çətin olmadı ki? 
 
- Universiteti bitirdikdən sonra karyerama investisiya qoymağı planlaşdırdığımdan məhz bu şirkətdə xarici auditor işləməyi qərara aldım. Dünyanın fərqli ölkələrində fəaliyyət göstərən şirkətlərin maliyyə hesabatlarını audit edir, onların beynəlxalq maliyyə hesabatlılığı standartlarına uyğun olub-olmadığını yoxlayırıq. Bundan əlavə, bəzi işlərin optimallaşdırılması və avtomatlaşdırılması məsələləri ilə də məşğul oluram. Xaricdə yaşamağıma baxmayaraq, ölkəmizdə və dünyada yaşayan gənclərə dəstək olmaq, onların maliyyə sahəsində savadlanması ilə bağlı tədris mərkəzlərindən birində ACCA üzvü olaraq mütəmadi olaraq onlayn təlimlər keçirəm.
 
- Siz vətəndən kənarda yaşayırsınız və təbii ki, dünyanın müxtəlif ölkələrinin gəncləri ilə ünsiyyət qurursunuz. Azərbaycan gənclərini onlardan fərqləndirən cəhətlər nədir?
- Düzünü desəm, xaricdə yaşayan gənclərimiz Avropadakı həyat tərzini yaxşı bildiklərindən onlar üçün orada yaşamaq, uyğunlaşmaq o qədər də çətin deyil.
    
Bizim gənclərimiz olduqca vətənpərvərdir və harada olmalarından asılı olmayaraq istər təhsilləri, iş fəaliyyətləri, istərsə də sosial fəallıqları ilə hər zaman bir addım öndədirlər. 
 
Samirə KƏRİMOVA