Gəncə Şahmat Məktəbinin məzunu qitə çempionu olan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb
 
Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məzunu olmuş Ülviyyə Fətullayeva Yunanıstanın Rodos adasında keçirilən qadın şahmatçılar arasında Avropa çempionatında qızıl medala layiq görülüb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, şahmatçımız son turda qara fiqurlarla gürcüstanlı rəqibi Nino Batsiaşvili ilə heç-heçə oynayıb və ümumilikdə 8,5 xal toplayıb.
 
Beləliklə, Ülviyyə Fətəliyeva qadınlar arasında şəxsi qitə Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.
 
Məlumat üçün bildirək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. 
 
Ülviyyə Fətullayeva 2003-cü ildən Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şahmatla məşğul olmağa başlayıb.
 
 
Dəfələrlə yaş qrupları üzrə Azərbaycan birinciliyinin qalibi olub.
 
2006-c ildə Batumida keçirilən 10 yaşadək şahmatçılar arasında Dünya birinciliyinin gümüş mükafatına layiq görülüb.
 
2007-ci ildə Xorvatiyada keçirilən 12 yaşadək şahmatçılar arasında Avropa çempionatında bürünc mükafatçı olub.
 
2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birincilik əldə edib.
 
2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.
 
2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medalına yiyələnib.
 
2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medala layiq görülüb. Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.
 
2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında 8 xalla bürünc medala sahib olub. 
 
Ülviyyə Fətəliyeva qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya (2017) və Avropa çempionatlarının (2015, 2017) iştirakçısı olub. Bundan əlavə o, 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparıb.
 
2022-ci ilin 28 iyul-9 avqust tarixləri arasında Hindistanın Çennai şəhərində keçirilmiş 44-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində beşinci lövhədə mübarizə aparıb və şəxsi göstəricidə gümüş medal qazanıb.