“Azərbaycan müəllimi” olaraq müəllimlərimiz üçün sinfin effektiv idarə olunması məqsədilə hər sinifdə istifadə edə biləcəkləri 5 vasitədən bəhs edəcəyik.

 

Əgər siz də sinfinizin öyrənmə ehtiyaclarını ödəmək üçün müvafiq sinif idarəetmə vasitələri axtarırsınızsa, bu yazımız sizin üçün faydalı olacaq.

 

Belə ki, siz sinfinizdə nizam-intizamı, şagirdlərin dərsdə daha aktiv olmasını, və onlar üçün maraqlı öyrənmə mühiti təmin etmək üçün aşağıdakı vasitələrdən istifadə edə bilərsiniz:

 

1. Yazılı sinif qaydaları

 

 

Aydın və qısa sinif qaydaları sinifdəki davranışlar üçün gözləntilər müəyyən edir və strukturlaşdırılmış öyrənmə mühiti yaradır. Bununla müəllimlər əvvəlcədən sinfin gözləntilərini müəyyənləşdirə, şagird davranışını idarə edə, müsbət və qarşılıqlı hörmətə, əməkdaşlığa əsaslanan sinif atmosferini təşviq edə bilərlər.

 

Sinif qaydalarının şagirdlərlə birgə hörmət, məsuliyyət və əməkdaşlıq prinsipləri çərçivəsində ilk dərs günü müəyyən edilərək sinifdə hər kəsin görə biləcəyi yerə vurulması arzuolunandır. Məsələn, qaydalara “Danışmaq üçün əlinizi qaldırın”, “Başqaları danışarkən sözünü kəsməyin”, “Sinfə daxil olarkən telefonunuzu söndürüb şkafa qoyun” və s. kimi nümunələr verə bilərik.

 

 

 

 

2. Əl işarələri

 

Əllə edilən işarələr şagirdlərin öz ehtiyaclarını çatdırmaq üçün ən effektiv vasitədir.

 

Həmçinin şagirdlər tərəfindən dərsə müdaxilənin qarşısını almaq və dərsdə yersiz fasilələrin sayını azaltmaq baxımından əl işarələrinin dərsdə istifadəsi müəllim üçün səmərəli vasitədir.

 

Hansı əl işarəsinin sinifdə hansı mənaya gəldiyini isə müəllim sinif qaydalarını müəyyən etdiyi zaman istəyə uyğun tənzimləyə bilər. Məsələn: İşarə barmağı - ayaqyolu icazəsi, baş barmaq yuxarı - sualım var və s.

 

3. Sinifdaxili iş bölgüsü

 

Müəllim tərəfindən sinifdə işlərin bölüşdürülməsi şagirdlərdə sosial məsuliyyət, komanda işi bacarıqları aşılamaqla yanaşı, şagirdlərdə sinfə, məktəbə aidlik hissini artırır.

 

Şagirdlərə xüsusi tapşırıqlar və ya rollar təyin etməklə, müəllimlər şagirdlərin sinfin idarəolunmasına və dərslərin təşkilinə fəal töhfə verdikləri dəstəkləyici sinif mühitini təşviq edə bilərlər.

 

Sinif işlərinə davamiyyəti yoxlayan, təmizlik üzrə müşahidəçi, idman işləri üzrə təşkilatçı, gəzinti və ya ekskursiya üçün siyahı hazırlayan, sinif nümayəndəsi, sinif nümayəndəsinin müavini, sinfin fotoqrafçısı və s. kimi vəzifələr daxil edilə və yaxud səsvermə yolu ilə şagirdlər arasından seçilə bilər. Həmçinin müəllim vəzifələri bölüşdürdükdən sonra yazılı formada sinifdən asa bilər.

 

Sinifdəki hər hansı bir şagird vəzifəsiz qalmamalı və əgər narazılıq olarsa, vəzifələr növbəli şəkildə fərqli şagirdlərə verilməlidir.

 

Bundan başqa, sinif işlərinin təyin edilməsi şagirdlərə özləri ilə fəxr etməyə, onlarda liderlik, əməkdaşlıq etməyə hazır olmaq, məsuliyyətlilik və hesabatlılıq kimi xüsusiyyətləri inkişaf etdirməyə imkan verir. Üstəlik, bu, müəllimin iş yükünü azaldır və şagirdlərin bir-birinə güvənməyi, bir-birini dəstəkləməyi öyrəndiyi kooperativ sinif atmosferini təşviq edir.

 

4. Mükafatlandırma kuponları

 

Mükafat kuponları müəllimlərə müsbət davranışı gücləndirməyə və şagirdləri daha çox mükafat qazanmağa həvəsləndirməyə imkan verən effektiv sinif idarəetmə vasitələridir.

 

Bu kuponlar nümunəvi davranış nümayiş etdirən, tapşırıqları vaxtında yerinə yetirən və ya müsbət davranışlar göstərən şagirdlər üçün həvəsləndirici vasitədir.

 

Mükafat kuponlarına misal olaraq, “Dərs ləvazimatları hədiyyə etmək”, “Bir günlük istirahət vermək”, "Bir günlük müəllim müavini olmaq", "Filmə, teatra və ya futbol oyununa bilet" və ya “Sinif fəaliyyətini seçmək imkanı” və s. qeyd edə bilərik. Həmçinin əlavə olaraq, neqativ və pozitiv gücləndirmə ilə maraqlana bilərsiniz.

 

 

5. Fəallaşdırma

 

Fəallaşdırma gün ərzində zehni və fiziki fasilə təmin edən qısa, enerji verən fəaliyyətlərdir. Bu fəaliyyətlər şagirdlərə enerji toplamaq, yenidən fokuslanmaq və diqqətlərini artırmağa kömək edir, nəticədə ümumi məhsuldarlıq və prosesə cəlbolunma artır.

 

Fəallaşmalara əl, baş məşqləri, sadə rəqs hərəkətləri, əyləncəli oyunlar, söz oyunları, dairə yaratmaq, birgə əl çalmaq, mahnı oxumaq və s. misal ola bilər.

Nəzərə almaq lazımdır ki, əgər dərs 40-45 dəqiqədirsə, fəallaşma məşqlərinin müddəti maksimum 5 dəqiqə və dərsin ortasında, yaxud başlanğıcında edilməsi arzuolunandır.

 

Vaqif FƏTULLAYEV