Elmi jurnallardan izlədiyi yeniliklər onu “Sabahın alimləri” müsabiqəsində iştiraka həvəsləndirib
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsində uğur qazanan daha bir bölgə məktəblisi Zərdab rayonunun sakinidir- Cavid Ağayev.
O, rayonun H.Zərdabi adına 1 nömrəli məktəb-liseyinin X sinifində oxuyur. Məktəbin istedadlı şagirdlərindəndir. Ona görə də daim müxtəlif rayon və ölkə əhəmiyyətli müsabiqə və yarışlarda iştirak edib. 2023-2024-cü tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarının fizika fənni üzrə finalçısıdır.
Kompüter texnologiyaları sahəsinə böyük marağı onu proqramlaşdırma sahəsi üzrə ali təhsil almağa və bu sahədə daha yüksək nəticələr əldə etməyə həvəsləndirir. Cavid deyir: “Bu sahədə biliklərimi artırmaq üçün texnika sahəsində yenilikləri əks etdirən jurnalları izləyirəm. “Kvant” elmi-riyaziyyat jurnalı da bunlardan biridir. Oxuduqlarım məni “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində iştiraka həvəsləndirdi. “Evklid müstəvisində səthlərin vahid dairə və kvadratlarla qablaşdırılmasının alqoritimləri” adlı layihə ilə müsabiqəyə qatıldım və birinci yeri tuturaq qızıl medalla mükafatlandırıldım”.
Bundan əvvəl onun layihə haqqında elmi fikirləri “Kvant” jurnalında da çap olunub. Bu layihəyə müraciət etməkdə məqsədi həm də ondan ibarətdir ki, ali təhsilini xarici ölkə universitetlərinin birində almaq istəyir.
Zərdab məktəblisi öz layihəsini bir qədər təfsilatlı olaraq belə anladır: “Layihədə qablaşdırma problemini araşdırdım. Bu problem XX əsrin 60-ci illərindən tədqiq edilir. Kravitz, Graham Pearl, Melissen kimi tanınmış riyaziyyatçılar bu problemin üzərində çalışıb və 20-yə qədər optimal dairəvi qablaşdırma tapıblar, bunlardan yalnız 14-nün riyazi isbatı verilib. Eyni və müxtəlif radiuslu dairələrin müəyyən bir məhdud sahədə qablaşdırılması problemi logistika, eləcə də ağacdan, parçalardan və metal təbəqələrdən hazırlanmış hissələri kəsərkən, rəngləyərkən, həmçinin qabların doldurulması, koronavirus kimi yayılan xəstəliklər zamanı ofislərdə, iş yerlərində və ictimai yerlərdə fərdlər arasında məsafə saxlamaq kimi tətbiqlərə malikdir.
Qablaşdırılacaq səthin bir hissəsinin sıradan çıxması, zədələnməsi və istifadəyə yararsız olması kimi hallarda optimal qablaşdırmadan istifadə etmək olmur və problemin həllinə yeni yanaşma tələb edilir”.
Layihənin müəllifi problemin iki xüsusi halı üçün müsbət nəticələrin əldə olunduğunu deyir, həm də istəyir ki, bu istiqamətdə araşdırmalarını davam etdirsin.
Ruhiyyə DAŞSALAHLI