Böyük rəqabət mühitində keçən “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi yekunlaşsa da, hər il olduğu kimi, bu il də böyük əks-səda doğurdu. Qalib məktəblər uğurları ilə öyündü, şagirdlərini qiymətləndirdilər. Bu yarışdan yer tutmadan ayrılanlar isə ümidlərini növbəti müsabiqələrə bağlamaqla indidən hazırlıqlara başladılar.
Bu yarışın 88 qalibi var
Yarışın şərtlərinə görə ballara uyğun olaraq, hər istiqamət üzrə I yerə 1 layihə (8 layihə), II yerə 2 layihə (16 layihə), III yerə 3 layihə (24 layihə) layiq görülə bilər. Bu il mühəndislik istiqaməti üzrə 2 şagirdin balı eyni olduğundan bu kateqoriyada II yerə 2 yox, 3 layihə layiq görülüb. Yəni mühəndislik istiqaməti üzrə 6 deyil, 7 layihə qalib elan edilib. Eyni zamanda, hər istiqamət üzrə 1 layihəyə həvəsləndirici mükafat təqdim edilib. Beləliklə, 10 tək, 39 kollektiv layihə olmaqla 88 şagird qalib elan edilib.
Riyaziyyat dahisi Zərdabdan çıxdı
Zərdab rayonundan gələn məktəbli Cavid Ağayev rayon 1 nömrəli tam orta məktəbin şagirdidir. O, yarışa tək qatılıb və “Evklid müstəvisində səthlərin vahid dairə və kvadratlarla qablaşdırılmasının alqoritmləri”ni hazırlayıb. Məktəbli layihəsi barədə bunları deyib: “Qablaşdırılacaq səthin bir hissəsinin sıradan çıxması, zədələnməsi kimi hallarda optimal qablaşdırmadan istifadə etmək olmur və problemin həllinə yeni yanaşma tələb olunur. Fikrimizcə, tədqiqatın sonunda mürəkkəb riyazi aparat işlətmədən qablaşdırma kimi böyük bir problemin iki xüsusi halı üçün də olsa, müsbət nəticələr əldə etdik. Bu istiqamətdə araşdırmalarımızı davam etdirmək istəyirik”.
Zaqatalanın təbiətsevərləri münsifləri heyrətə saldı
Zaqatala məktəbliləri ekologiya və ətraf mühitin mühafizəsi sahəsində layihələri ilə fərqləniblər. Belə ki, Əliabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin şagirdi Əlibali Əlibəyov və Akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin şagirdi Hacı Hacıyev “Süni zəka inteqrasiyası ilə okean və dənizlərdəki zibillərin yerlərinin təyin olunması (Robocean)” layihəsini təqdim ediblər: “Sabahın alimləri” yarışında “Dəniz və okeanlarda çirklənmənin təmizlənməsi sürətini artıran süni intellek inteqrasiya ilə işləyən sistem” layihəsi ilə iştirak etdik. Münsifləri hazırladığımız sadə, amma çirklənmənin qarşısını çox sürətlə alan layihə ilə heyrətə saldıq və “Ekologiya və ətraf mühitin qorunması” nominasiyası üzrə 1-ci yerə layiq görülüb, qızıl medal qazandıq. Sadəcə medal yox, həm də mayın 11-17-də Los-Ancelesdə keçirilən ISEF yarışında Azərbaycanı təmsil etmək hüququ əldə etdik. İnanırıq ki, vətənimiz Azərbaycanı Amerikada ən yaxşı şəkildə təmsil edəcəyik”.
Şagirdin hazırladığı örtük məhsulun xarab olduğunu göstərəcək
Bakının da 2 məktəbinin şagirdləri birləşib bir layihə hazırlayıb, hər biri bir qızıl medal qazanıb. Söhbət 20 nömrəli məktəb-liseyin şagirdi Arda Vakshouri ilə 60 nömrəli tam orta məktəbin şagirdi Ayan Bağırovadan gedir. Onlar hazırladıqları “Qida məhsullarının paketlənməsində yeni bio-əsaslı pH sensorlu smart örtüklərin hazırlanması” layihəsi ilə “Sabahın alimləri” müsabiqəsinə kimya istiqaməti üzrə qatılaraq məktəblərinin adını öz adları ilə yanaşı qaliblər sırasına yazdırıb.
Arda layihəsi barədə “Azərbaycan müəllimi”nə bunları deyib:
“Biz müsabiqədə qida mühəndisliyi kateqoriyasında yarışdıq. Hazırladığımız biopolimer antosiyanin kompoziti qida məhsullarının, xüsusilə ət məhsullarının paketləməsində tətbiq ediləcək”.
60 nömrəli tam orta məktəbin daha bir komandası tibb və sağlamlıq kateqoriyasında yarışıb. X sinif şagirdi Ayla Qibləliyeva və XI sinif şagirdi Nərgiz Qəhrəmanova “Polimer hidrogellər dərman maddələrinin daşıyıcısı kimi” layihəsi ilə qalib olublar: “İnsan bədənində təbii quruluşda polimer hidrogellər sintez edilərək, onların içərisinə dərman preparatları yerləşdirilir. Qana qarışmayan həmin preparat lazım olan orqana çataraq orada həll olur. Beləliklə, digər orqanlara zərər vurmadan lazım olan yerə daşınır”.
Tullantıları ixtiraya çevirdilər
Bakı məktəbliləri, Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Əli Əfəndi və İsmayıl Rzayev mühəndislik kateqoriyasında “EcoPrintTech” layihəsi ilə qalib olublar.
Əli Əfəndi X sinif şagirdidir. Respublika və beynəlxalq müsabiqələrdə riyaziyyat və informatika, mühəndislik və fizika üzrə keçirilən fənn olimpiadalarında iştirak edərək medallar qazanıb: “Layihəmizin məqsədi, ilk növbədə, plastik tullantıların həcmini azaltmaqdır, çünki plastikin təkrar emalı çirklənməni azaltmağa kömək edir, həmçinin çap materiallarının dəyərini azalda bilər, çünki təkrar emal edilmiş plastik daha ucuzdur. Bundan əlavə, “autosave” funksiyası sayəsində vaxta və materiallara qənaət etməyə imkan yaradır. Biz bütün istifadəçilər üçün əlçatanlığı və ekoloji məsuliyyəti birləşdirən qabaqcıl texnologiya həllini təklif edirik”.
Məktəblilər təklif etdikləri printeri işləməyən avtomobilin amortizatorları, köhnəlmiş printerlərin motorları və PVC boruları kimi yararsız komponentlərdən düzəldib: “Dəyərsiz və lazımsız ləvazimatları ekoloji problemlərin həllinə kömək edə biləcək bir texnologiyaya çevirərək, onlara yeni həyat verdik. Beləliklə, ətraf mühitin plastik çirklənməsi problemini həll etmək üçün vahid metod nümayiş etdirərək plastik şüşələrdən filament istehsal edən bir qurğu hazırladıq. Həmin qurğu plastik şüşələri uzun zolaqlar şəklində doğrayır, onları istənilən 3D printerə tam uyğun gələn möhkəm filamentə əridir. Bu texnika təkcə zibillərin sayının azalmağına kömək etmir, həm də lazımlı əşyaların istehsalı üçün istifadə oluna biləcək təzə material yaradır. Layihənin hazırlanmasında təkrar emal edilmiş resurslar istifadə edildiyindən o, həm də qənaətlidir”.
İsmayıl Rzayev layihəni ekoloji cəhətdən təmiz məhsulların istehsalını artırmaq məqsədilə hazırladıqlarını deyib: “Digər vacib cəhət onun müxtəlif unikal xüsusiyyətləri özündə cəmləşdirən funksionallığıdır. Bu imkanlara elektrik enerjisi söndürüldükdə belə çapı davam etdirmək imkanı, həmçinin çap sürətini və digər parametrləri real vaxt rejimində dəyişmək, nəticədə istehsal olunan məhsulların daha dəqiq və keyfiyyətli çapı daxildir. Layihənin sənət və modelləşdirməyə verdiyi töhfələr printerimizi rəssamlar və mühəndislər üçün də əlverişli edir. Gələcəkdə biz praktiki olaraq istənilən növ plastik tullantıların emalını asanlaşdırmaq və daha sürətli etmək üçün təkmilləşdirilmiş filament texnologiyasından istifadə etmək niyyətindəyik”.
Məktəblilər deyir ki, təqdim etdikləri layihə ekoloji problemin həllində uğurludur və əhəmiyyətli inkişaf potensialına malikdir: “Plastik çirklənmə ilə mübarizə üçün atdığımız addım təkcə elmi inkişaf deyil, həm də diqqət və dəstəyə layiqdir, çünki o, cari ehtiyacları qarşılayır”.
Məktəblilər müsabiqədəki bu layihə ilə may ayında ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək elmi sərgiyə də qatılacaqlar.
Effektiv dərman düzəltmək məqsədilə layihə hazırlayıb qalib oldular
Dünya Məktəbi “Sabahın alimləri” XIII Respublika müsabiqəsində qalib olan layihələrinin çoxluğuna görə seçilib.
İbrahim Allahverdiyev X sinif şagirdidir. Xəzər Universiteti “Dünya” Məktəbinin uğurlu şagirdlərindən biridir.
İbrahim elmi araşdırması üzərində sinif yoldaşı Səid Aslanovla birlikdə işləyib, “Sabahın alimləri” müsabiqəsində birlikdə yarışıblar: “İdeya ondan yarandı ki, dünyada müalicəsi olmayan neyrodegenerativ xəstəlik Altsheymer xəstəliyi getdikcə artır, insanlar öz sevdiklərini, hətta ailələrini, uşaqlarını unudurlar. Buna görə dünyada ən qabaqcıl araşdırmalarda irəli sürülən ən perspektivli həlləri seçdik və onları birləşdirməyə çalışdıq. Məqsədimiz effektiv dərman düzəltmək idi. 20-dən artıq eksperiment apardıq, beynəlxalq analiz testlərindən nəticələr aldıq və yeni dərmanımız “Triazidene DMF-HS”i sintez etdik”.
Məktəblilərin yaratdığı model özünü tamamilə enerji ilə təmin edir
“Dünya” Məktəbinin şagirdləri Əli Musayev komanda yoldaşı Elçin Həsənovla birlikdə “Sabahın alimləri” müsabiqəsinə təqdim etdikləri layihə üzərində oktyabr ayından bəri işləyiblər: “Layihə üzərində işə başlayanda fikrimizdə iki əsas qlobal problem - qlobal iqlim dəyişikliyi və enerji böhranı vardı və biz onların həlli yolunu tapmağı qarşımıza məqsəd qoymuşduq. Bərpa olunan 4 enerji mənbəyindən - yağış və kondisioner suları, şaquli külək turbinləri, günəş panelləri və triboelektrik nanogenerator istifadə edərək hibrid formalı enerji sistemi yaratmaq istəyirdik. Elə bir sistem ki, həm öz-özünü enerji ilə təmin edə bilsin, həm də ağıllı texnologiyalardan istifadə edərək ətraf mühitin monitorinqini aparsın. İnsanların həyatını asanlaşdıracaq layihəmiz çərçivəsində biri TENG-in çıxış parametrlərini artırmaq, digəri isə günəş panellərindən nə qədər enerji gələcəyini proqnozlaşdırmaq üçün iki eksperiment apardıq”.
Elçin Həsənov deyir ki, layihədə onun öz işi olub: “Layihədə mənim rolum sensor texnologiyalarının modelini və günəş enerjisini proqnoz edə bilən süni intellekt yaratmaq, lazımi hesablamalar aparmaq idi. Maketi bir yerdə işləyirdik. Layihəmizin yeniliyi yaratdığımız modelin özünü tamamilə enerji ilə təmin etməsidir. Bundan başqa, ətraf mühitin monitorinqi üçün sensor texnologiyalarının və triboelektrik nanogeneratorların Azərbaycanda tədbiqi də yenidir”.
Yüksək dəqiqliyə malik süni intellekt modeli yaratdılar
“Dünya” Məktəbinin şagirdi Nicat Tağızadə əvvəllər sinif yoldaşı olan, lakin hazırda 132-134 nömrəli tam orta məktəbdə oxuyan Xəzər Hüseynovla “Ağıllı elektrik şəbəkəsinə nəzarət: Elektrik ötürücü sistemlərdə süni intellektə əsaslanan nasazlığın aşkarlanması” layihəsi üzərində işləyib və bir qənaətə gəliblər.
Nicat Tağızadənin kompüter elmləri kateqoriyasında təqdim etdiyi layihə elektrik sistemlərində, xüsusən də ötürücü xətlərdə və transformatorlarda nasazlıqların aşkarlanmasını nəzərdə tutur: “Bu, süni intellektə əsaslanan alqoritmlərin köməyi ilə həyata keçirilir. Ölkəmizin infrastrukturunu necə yaxşılaşdırmaq olar? - deyə düşünərkən bu ideya ağlıma gəldi və elektrotexnika ixtisası üzrə təhsil almaq istədiyim üçün burada qazanacağım təcrübənin gələcəkdə də işimə yarayacağını hesabladım. İlkin araşdırma apararaq komanda yoldaşımla elmi konfransların materiallarını, tədqiqat yazılarını oxuyub təhlil etdik və yüksək dəqiqliyə nail olduğumuz süni intellekt modelini qurduq”.
Ruhiyyə DAŞSALAHLI