Türk dillərinin tarixi inkişafını izləmək üçün dəyərli mənbə


Ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli tədqiqi ilə bağlı çoxsaylı problemlərin öyrənilməsində indiyə kimi mühüm nailiyyətlər əldə edilsə də, yada salmalıyıq ki, türk dillərinin dialektlərinin hər biri ayrı-ayrılıqda öz ilkinliyinə, miqyasına, tarixi-linqvistik faktlarına görə olduqca zəngindir və bu dillərin dialektlərində fonetik, leksik, qrammatik xüsusiyyətlərin hərtərəfli araşdırılması türkologiyanın ən aktual vəzifələrindən biridir. Bu aktuallığı nəzərə alan filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası mövzusunda əsaslı araşdırma aparıb, Azərbaycan dilçiliyində çox qiymətli bir monoqrafiya ərsəyə gətirib. Məqalədə Mahirə Hüseynovanın sözügedən monoqrafiyası haqqında fikirlər və mülahizələrə yer verilir. “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” (Bakı, 2020) adlı monoqrafiya “Müəllifdən” adlı giriş sözündən və yeddi fəsildən ibarətdir.

 

I fəsildə Azərbaycan dilçiliyində ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələlərinə toxunulur. Müəllif ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası məsələlərindən az və ya çox şəkildə bəhs edən tədqiqatları çox diqqətlə nəzərdən keçirir və müqayisəli şəkildə həmin tədqiqatları ardıcıllıqla araşdırır. Akademik M.Şirəliyevin, akademik A.Axundovun, akademik T.Hacıyevin, professor F.Zeynalovun, professor H.Mirzəyevin, professor E.Əzizovun, dialektoloq, professor B.Əhmədovun, professor İ.Kazımovun, professor M.Məmmədlinin, professor H.Əsgərovun, professor Ə.Tanrıverdiyevin, professor B.Xəlilovun yaradıcılıqlarında ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli təhlilini verir, tədqiqatları bir-bir incələyir. Həmçinin “Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri”, “Naxçıvan MSSR-in dialekt və şivələri” əsərlərini tədqiqata cəlb edir və ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqində dialektoloji lüğətlərin elmi əhəmiyyətini əsaslı nümunələrlə ətraflı şərh edir. M.Hüseynova ümumtürk dillərində bəzi yemək adlarının tarixi-etimoloji təhlilini verərək maraqlı müqayisələr aparır.

 

II fəsildə ümumtürk dialekt və şivələrinin qarşılıqlı inteqrasiyasını təhlil edən müəllif  haqlı olaraq yazır ki, ümumtürk dillərinin dialektoloji lüğətlərinin yaradılmasının vaxtı çoxdan çatıb. Bu tip lüğətlərin yaradılması bizi kökdilin öyrənilməsi məsələsinə daha da yaxınlaşdıracaqdır. Ümumtürk dilləri dialektlərinin yaranma tarixi olduqca qədimdir, elə məhz buna görə də dialekti tarixi kateqoriya hesab edənlər olduqca haqlıdırlar.

 

III fəsildə ümumtürk dillərinin dialekt bölünməsinə aydınlıq gətirən M.Hüseynova qohum türk dillərinin təsnifini verir və ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyasını Azərbaycan, türk, qırğız, qumuq, yakut, qaşqar, özbək,karaim, şor, tuva, türkmən, başqırd, xakas və s. dillərin dialekt və şivələri əsasında daha dərindən araşdırır.

 

Ümumtürk dilləri dialekt və sivələrinin ayrı-ayrılqda təsnifi prinsiplərinin verilməsi və ya müəyyənləşdirilməsi qohum dillərin müqayisə predmeti üçün əlverişli imkanlar yaradır. Əsərdə bu məsələləri diqqətdə saxlayan M.Hüseynova müasir türk dilləri dialektlərinin təsnifinin ümumi xarakter daşıdığını xatırladır və bunların əksəriyyətində coğrafi prinsipə üstünlük verildiyini türk, qaqauz, qazax, qırğız, qaraqalpaq, Altay, tatar, uyğur dialektlərinin nümunəsi əsasında göstərir. M.Hüseynova yazır ki, Azərbaycan dilçiliyində də dialektoloji tədqiqatların ilkin dövrlərində coğrafi prinsip əsas götürülüb. Araşdırmalarına əsaslanan müəllif belə bir qənaətdədir ki, bugünkü türk xalqlarının ədəbi dillərini va ya dialektlərini, eyni zamanda onların tarixi-etnik-genetik köklərinin dərindən öyrənilməsində saysız-hesabsız leksik vahidlər də mühüm rola malikdirlər. Ümumtürk dillərinin leksik bazasına söykənməklə qohum dillərin dialekt və şivələrində müşahidə olunan inteqrasiya hallarını üzə çıxarmaq mümkündür. Klassik və müasir Azərbaycan söz sənətkarlarının əsərlərində işlədilmiş dialektizmlər bu və ya digər məqsədlər üçün işlədilir ki, ədiblər real şəraiti təsvir edərkən, üslubi əlvanlıq yaradarkən, təkrara yol verməmək üçün belə nitq vahidlərinə müraciət etməli olmuşdur. Bu məsələyə önəm verən müəllif bədii əsərlərdə, poetik örnəklərdə, tarixi sənədlərin dilində əksini tapan dialektizmlərin qohum dillərin faktları ilə tutuşdurma, müqayisə yolu ilə öyrənilməsini də aktuallıq kəsb edən məsələlərdən biri hesab edir.

 

Professor M.Hüseynova sonrakı fəsillərdə uyğunlaşdırılmış sözlərin fonetik, morfoloji xüsusiyyətlərini müqayisəli şəkildə tədqiq edərək leksik-semantik yöndə izahlar verir. Türk dilləri dialektlərində tarixən baş verən fonetik dəyişmələri nəzərə almadan və fonetik hadisələri düzgün qiymətləndirmədən səmərəli nəticələr əldə etməyin mümkün olmadığını bildirən müəllif elə bu səbəbdən türkdilləri dialektlərinin fonetik xüsusiyyətlərinin tədqiqinə xüsusi diqqət yetirir. Eyni zamanda türk dilləri dialekt və şivələrinin qrammatik, leksik-semantik yöndə tarixi-genetik və struktur-funksional xüsusiyyətləri zəngin dialektoloji və türkoloji mənbələr əsasında yüksək elmi aspektdə nəzərdən keçirilir.

 

Müəllif araşdırmasını daha geniş aspektdə aparmaq üçün həm oğuz, həm də qıpçaq qrupu türk dillərində əksini tapan toy mərasimi ilə bağlı dialekt sözlərinin səciyyəvi xüsusiyyətlərini də təhlil obyektinə çevirir və təhlili daha geniş diapazonda aparmaq üçün türk dillərinin dialektoloji sözlükləri ilə bərabər qədim yazılı mənbələrinə müraciət edir, faktlara əsaslanaraq maraqlı izahlar verir. Qədim və müasir türk ləhcələrində yemək və içki adlarının müqayisəsi də kitabda əsaslı şəkildə təhlil olunur. Müəllif haqlı olaraq yazır ki, türk dillərində və ləhcələrində işlənən və ya arxaikləşən, dillərin passiv lüğət fonduna keçən qida məhsullarının tarixi inkişafını izləmək, tarixi tipoloji cəhətlərini meydana çıxarmaq müasir türk dillərinin müqayisəli şəkildə öyrənilməsi üçün olduqca zəruri əhəmiyyətə malikdir. Qədim dövrlərdən bəri qohum türk xalqları daha çox öz sözlərinə, tarixin müxtəlif dövrlərində baş verən uzunmüddətli ayrılmaları onların fonetik sisteminə də təsirsiz ötüşməyib, dialekt və şivələrində əsaslı fərqlərin meydana çıxmasına səbəb olub. M.Hüseynova ümumtürk dilləri dialekt və şivələrində mövcud olan fonetik hadisə və qanunlar hərtərəfli şəkildə tədqiq edir, fonetik hadisələrin tarixi-genetik inkişaf prosesini diqqətlə izləyir. Qeyd edək ki, professor M.Hüseynova monoqrafiyasında türk dillərinin (oğuz və qıpçaq qrupu) dialektlər sistemini dərindən araşdırır, ortaq dialektoloji vahidləri, onların areallarını linqvistik aspektdə təhlil edir. Qeyd olunan dil vahidlərini leksik, semantik-qrammatik strukturunu, konseptual məna tutumunu, oxşar və fərqli cəhətlərini müqayisəli-tarixi tədqiqata cəlb edir.

 

Məlumdur ki, dialektoloji vahidlərdə dilin bir çox arxaikləşmiş, hətta məhv olmuş hesab edilən qədim reliktləri qorunub saxlanılır. Həmin ünsürlərin türk dilləri ailəsinə daxil olan dillərdə müqayisəli şəkildə öyrənilməsi də bu əsərin qiymətini artırır.

 

Monoqrafiyada türk dilləri dialektlərinin (oğuz va qıpçaq qrupu) bu və ya digər türk dillərinin ədəbi dillərə inteqrasiyasında əsas rol oynayan dialektləri müəyyənləşdirilir və bununla qədim türk protodilləri rekonstruksiya edilir.

 

Əsərdəki yenilikləri müəllif aşağıdakı kimi göstərir:

 

Türk dillərinin dünya dilləri sırasında yerinin dəqiqləşdirilməsi;

 

Türk xalqlarının tarixi və inkişaf mərhələlərinin təsnifatına yeni baxış;

 

Türk dillərinin dialekt bölünməsi;

 

Dialekt sözlərinin müxtəlif ədəbi dillərə inteqrasiyası;

 

Türk dillərinin fonetik, leksik və morfoloji xüsusiyyətlərinin oğuz və qıpçaq qrupu dilləri üzrə şərhi;

 

Türk dillərinin dialekt bölünməsinin, türk xalqlarının tarixi və inkişaf mərhələlərinin təsnifatına yeni elmi baxışı müəyyənləşdirməklə qohum dillərin dialektlərinin istiqaməti və bölümlərini müəyyənləşdirmək və türklərin (oğuz və qıpçaq qrupu əsasında) dialektlərinin ədəbi dilə inteqrasiyasında dominant dilin rolunu dəqiqləşdirmək.

 

Nəticə: Professor Mahirə Hüseynovanın Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi və qarşılıqlı inteqrasiyasına həsr etdiyi “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” (Bakı, 2020) adlı bu kitab ümumtürk dialekt və şivələrimizin fonetik, leksik və qrammatik yaxınlığı, oxşar və fərqli cəhətləri, onların qarşılıqlı inteqrasiyası barədə son dövrdə yazılmış sanballı tədqiqat əsəridir. Türkoloji dilçiliklə bağlı tədqiqat aparan alimlər, doktorant və magistrantlar kitabdan bəhrələnə bilərlər.

 

Könül SƏMƏDOVA,

ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent