Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində maarifləndirici görüşlər keçirilir.
 
İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən görüşlərdə müəllimlər, şagirdlər və valideynlər iştirak edirlər.
 
Görüşlərin əsas məqsədi müvafiq istiqamətlər üzrə aktual mövzulara dair məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.
 
Belə ki, görüşlərdə yeniyetmə və gənclər təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması, uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi, erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması, narkotik vasitələrin, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə məlumatlandırılır.
 
Həmçinin uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, ailələrin, valideynlərin və uşaqların internet resurslarından qaynaqlanan risklər barədə məlumatlandırılması istiqamətində müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallar cavablandırılır.