“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” - Azərbaycan ali təhsilinin rəqabətlilik gücünü artıracaq


Qloballaşma dünya ali təhsil sistemlərinə yeni trendlər və keyfiyyət dəyişiklikləri gətirib. Hazırda ali təhsil sisteminin inkişaf dinamikası mükəmməl bilik və müasir səriştələrə malik insan kapitalının formalaşmasına əsaslanır, bu isə ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr qoyur. Heç şübhəsiz ki, ali təhsil müəssisələrinin, bütövlükdə hər bir ölkənin uğurlu inkişafı, ilk növbədə, rəqabətədavamlılıq və beynəlmiləlləşmənin səviyyəsi ilə müəyyən olunur. Son illərdə dünyanın müxtəlif ölkələrində ali təhsilin transformasiyasından danışanda məhz əcnəbi tələbə qəbulu və beynəlmiləlləşmə prosesləri prioritet hədəf kimi qabardılır.

 

Ali təhsil sisteminin rəqabətliliyinin gücləndirilməsinə mühüm töhfə

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 8 iyul 2023-cü il tarixli Fərmanla təsdiq edilmiş “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı ölkəmizin ali təhsil sistemində beynəlmiləlləşmə meyillərinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Proqrama müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən 2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı elan olunub. Azərbaycan hökuməti tərəfindən hər il 5 il müddətinə təklif olunan bu ali təhsil təqaüdü ölkəmizin qarşısında duran bir sıra prioritet vəzifələrin reallaşdırılmasında, ali təhsil sisteminin rəqabətliliyinin gücləndirilməsində mühüm töhfə kimi qiymətləndirilməlidir.

Azərbaycanın son 50 ildən artıq dövrü əhatə edən tarixi inkişaf salnaməsi Ulu Öndərin ölkə qarşısında xidmətlərinin əbədiyaşarlıq nümunəsidir. Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində ölkəmiz üçün çox əhəmiyyətli sahələrdə mütəxəssis hazırlığını təmin etmək məqsədilə minlərlə gənc keçmiş ittifaqın ayrı-ayrı şəhərlərindəki nüfuzlu ali təhsil müəssisələrində yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanaraq vətənə dönmüş və hazırda ölkəmizdə cəmiyyət həyatının müxtəlif sahələrində çalışaraq öz töhfələrini verməkdədir. Bu dövrdə ölkəmizdə yeni universitetlərin yaradılması, ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi Ulu Öndərin ölkəmizdə modern, yüksəksəviyyəli ali təhsil sisteminin qurulması sahəsində uzaqgörən, gələcəyə hesablanmış səylərindən irəli gəlirdi.

 

Bu mənada ölkə başçısı tərəfindən imzalanmış “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” öz hədəf və məqsədlərinə görə ali təhsil müəssisələrimizin inkişafı, beynəlxalq tanınma və rəqabətlilik baxımından çox aktual və əhəmiyyətli sənəddir.

 

Qeyd edək ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələr arasında xüsusi mövqeyi, yenilikçi təşəbbüsləri ilə seçilir və bu cür siyasət dost müsəlman ölkələri tərəfindən məmnunluqla qarşılanır.

 

Əlavə edək ki, ali təhsilin məzmununda beynəlxalq komponent Azərbaycan universitetləri üçün də prioritetdir. Məsələ ondadır ki, universitetlərin reytinqi müəyyənləşdirilərkən ali təhsil müəssisələrində  təhsil alan əcnəbi tələbələrin sayı da əsas kriteriyalardan biridir. Əcnəbi tələbələr əlavə maliyyə mənbəyi olmaqla yanaşı, universitetlərdə mədəniyyətlərin rəngarəngliyi ilə fərqlənən intellektual mühitin yaranmasına yardım göstərir. Müşahidələr göstərir ki, dünyanın ən yaxşı universitetlərinin reytinq sıralamalarında ön yerlərdə olan ali təhsil müəssisələrində əcnəbi tələbə sayı çoxluq təşkil edir.

 

Əcnəbilər üçün cəlbedici ölkə, təhsil mühiti

 

Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, eləcə də 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ölkəmizin ali təhsil müəssisələrində təhsil qrantı proqramları təsis edilib. Bu proqramlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, dost və tərəfdaş ölkələrdə insan resurslarının inkişafına əhəmiyyətli töhfələr verib. Bununla da Azərbaycan müsəlman ölkələr arasındakı öncül mövqeyini və siyasi iradəsini ortaya qoyub. Və bu siyasətin nəticəsi olaraq son illərdə ölkəmizin ali təhsil müəssisələrində Azərbaycanın ayırdığı təhsil qrantı hesabına Türkiyə, Misir, Pakistan, Əfqanıstan, İraq, Fələstin, Banqladeş və s. ölkələrdən olan tələbələrin qəbulu həyata keçirilib. Əcnəbi tələbələr Azərbaycan universitetlərində təhsil almaqla yanaşı ölkəmizin ali təhsil sistemində beynəlmiləlləşmənin, mədəniyyətlər rəngarəngliyinin təmin olunmasında mühüm rol oynayıblar. Əcnəbi tələbələr həm də Azərbaycan həqiqətlərinin öz ölkələrinə və dünya birliyinə çatdırılmasında da önəmli çəkiyə malikdirlər.

 

Bu mənada 2024-2025-ci tədris ilindən həyata keçiriləcək “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı da əsası Ulu Öndər  tərəfindən qoyulmuş müstəqil Azərbaycanın müasir inkişaf xüsusiyyətlərini və üstünlüklərini bütün sivil mədəni dünyaya göstərir:

  • - Azərbaycan Böyük Zəfərdən sonra yeni reallıqlar yaradan ölkədir.
  • - Azərbaycan regional və beynəlxalq aləmdə fəal təşəbbüsləri və lider mövqeyi ilə tanınan ölkədir.
  • - Azərbaycanda dini, irqi ayrı-seçkiliyə yer yoxdur, multikulturalizm və tolerantlıq dövlət siyasətidir.
  • - Azərbaycan dinc, yanaşı yaşamaq prinsiplərinə sadiq olan, asayişin və birgəyaşayış normalarının ən ali dərəcədə universal modelinin mövcud olduğu ölkədir.
  • - Azərbaycan vətəndaşları üçün keyfiyyətli ali təhsil imkanları mövcuddur, ali təhsil sistemi sürətlə modernləşmə mərhələsindən keçir, yeni ixtisaslar yaradılır, yeni infrastruktur layihələri icra olunur - bütün bunlar əcnəbi tələbələrin diqqətini cəlb edir.
  • - Azərbaycan universitetləri dünya ali təhsil sisteminə inteqrasiya olunub. Tələbələrin yüksək səviyyəli və qloballaşma dövrünün tələblərinə cavab verən ixtisas hazırlığı həyata keçirilir. Ali təhsildə həyata keçirilən islahatlar milli ali təhsil sisteminin rəqabətli inkişaf tempini müəyyənləşdirmişdir.

 

Bu üstünlüklər, eləcə də “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə əcnəbilərin keyfiyyətli ali təhsillə əhatə olunması səviyyəsinin genişləndirilməsinə, Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artmasına, beynəlmiləlləşməsinə və ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin coğrafi müxtəlifliyinin genişlənməsinə də müsbət təsir göstərəcək.

 

Azərbaycan ötən yüzillikdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə əcnəbi tələbənin ali təhsil almasına vəsilə olub. Ölkəmizin ali təhsil müəssisələrindən məzun olan əcnəbilər öz vətənlərində Prezident, dövlət xadimi, siyasətçi, müxtəlif sahələrin qurucusu və rəhbəri kimi fəaliyyət göstərirlər. Bu mənada “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı bu ənənənin növbəti mərhələdə yeni reallıqlara uyğun davam etdirilməsinə münbit şərait yaradır.

 

Oruc MUSTAFAYEV