Martın 3-də keçirilən imtahanda 14, martın 10-da keçirilən imtahanda isə 39 nəfər maksimal olan 300 bal toplayıb. Ancaq hər iki imtahanın məzmununu müqayisə etdikdə mürəkkəblik səviyyəsinin oxşar olduğunun şahidi ola bilərik.
"Azərbaycan müəllimi" DİM-ə istinadən məlumat verir ki, qurum tərəfindən keçirilən imtahanlarda istifadə olunan bütün test tapşırıqları imtahanın mahiyyətinə uyğun olaraq standart alqoritm vasitəsilə eyni prinsip əsasında formalaşdırılır. “Uzun illərin elmi-statistik təhlilləri göstərir ki, müxtəlif zonalar üzrə keçirilən imtahanların çətinlik dərəcəsi arasında fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır. Müşahidələrə əsasən, təəssüf ki, cəmiyyətdə tez-tez imtahan səviyyəsini maksimal bal toplayanların sayına görə müəyyən etmək meyili var və bu hər hansı bir imtahan nəticəsi açıqlananda müəyyən müzakirələrə səbəb olur”.
DİM tərəfindən açıqlanan statistik məlumatlarda deyilir ki, imtahanın mürəkkəblik səviyyəsini maksimal bal toplayanların sayı ilə qiymətləndirmək elmi nöqteyi-nəzərdən tamamilə səhv yanaşmadır:”Məsələn I istiqamət üzrə keçirilən imtahanda 14, II-də isə 39 nəfər 300 bal toplasa da, biz daha böyük intervallar üzrə yüksək bal toplayanların faiz nisbətinə baxsaq görərik ki, I istiqamət üzrə imtahan verənlərin 8%-i, II istiqamət üzrə imtahan verənlərin isə 9%-i 250 və ya daha yuxarı bal toplayıb. Göründüyü kimi, nəticələr arasında elə də ciddi bir fərq yoxdur”.
Daha sonra qeyd olunur ki, imtahanlarda yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək fikri də doğru deyil. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir:” Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinlik səviyyəsinin eyni olduğunu müşahidə etmək olar. Builki nəticələrin artmasına təsir göstərən amillərdən biri pandemiyanın tədris prosesinə təsirinin azalması ilə bağlıdır. Ötən il imtahan verən abituriyentlər pandemiyadan ən çox zərərçəkən nəslin nümayəndələri idi. Çünki 2020-ci ildə pandemiya yeni başlayanda onlar 9-cu sinifdə təhsil alırdılar. Faktiki olaraq 10-11-ci sinifdə pandemiya onlara daha çox təsir göstərmişdi. Növbəti nəslə isə pandemiya bir il daha az təsir göstərib".