Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə üçüncü oxunuşda olan iki qanun layihəsi - “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.
Qanun layihələri barədə məlumat verən komitə sədri qeyd edib ki, hər iki sənədə təklif olunan dəyişikliklər mahiyyətcə eynidir. O, bildirib ki, dəyişikliklər ölkə Prezidenti cənab İlham Əliyevin aztəminatlı təbəqələrdən olan və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək siyasətinə uyğun olaraq bu kateqoriyadan olan insanların əhatə dairəsini genişləndirəcək. Komitə sədri deyib ki, müzakirəyə təqdim olunan “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərdə təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulan sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin tam dairəsi müəyyən edilib.
İkinci qanun layihəsində isə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin digər müvafiq qanunlarda da təsbit olunması təklif olunub.
Bəxtiyar Əliyev sənədlərin əvvəlki oxunuşu barədə məlumat verib və layihələrdə heç bir dəyişikliyin aparılmadığını bildirib.
Məsələlərin müzakirəsində Elm və təhsil komitəsinin üzvləri Eldar Quliyev, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, İsa Həbibbəyli və Fatma Yıldırım çıxış edərək, qanun layihələri ilə bağlı fikirlərini bildiriblər.
Müzakirələrin sonunda hər iki qanun layihəsi üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda deputatlar Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər iştirak ediblər.