Türkiyənin milli təhsil naziri Yusuf Tekin 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türk respublikalarından olan uşaqlarla görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Y.Tekinin qəbul etdiyi uşaqlar arasında azərbaycanlı şagird Hüseyn Əliyev də olub.
O, milli musiqi alətimiz olan tarda ifa edib. Türkiyəli nazir ifasına görə məktəblimizə təşəkkürünü bildirib.
Milli Suverenlik və Uşaq Bayramına böyük əhəmiyyət verdiklərini vurğulayan Tekin, ölkəni ona əmanət edə biləcək bir nəsil yetişdirməkdə məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.
“Biz istəyirik ki, uşaqlarımız dünya sülhünə töhfə verəcək fərdlər kimi yetişsinlər” - deyən Y.Tekin Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dünyaya verdiyi bu mesajı şagirdlərə təkrarlayıb: “Gəlin hamımız birlikdə dünyanın gələcəyini xilas edəcək, dünyada sülhü təmin edəcək, bütün dünya xalqlarının əsas hüquq və azadlıqlarını, insan hüquqlarını qoruyacaq nəsil yetişdirək”.