Bütün sahələrdə olduğu kimi, təhsildə də yeni texnologiyaların istifadəsi səmərəliliyi artırmağa imkan yaradır. Təsadüfi deyil ki, müasir təlim-tədris prosesində simulyasiyaların istifadəsi genişlənməkdədir. Müəllimlər artıq çoxsaylı resurslardan rahatlıqla istifadə etməklə şagirdlər və tələbələr üçün səmərəli öyrənmə təcrübəsi yarada bilərlər.
Nəzərə alsaq ki, müasir kurikulum daha çox təcrübə əsaslı öyrənməyə söykənir, bu zaman tədris laboratoriyalarının bütün məktəblərdə olmasına ehtiyac yaranır. Lakin reallıq budur ki, bu laboratoriyaların bütün məktəblərdə qurulması müəyyən qədər çətin və vaxt aparan bir prosesdir.
Sevindirici xəbər odur ki, canlı laboratoriyalar olmadan da şagirdlərə, xüsusilə də riyaziyyat, kimya, biologiya, fizika, coğrafiya kimi təbiətyönümlü dərslərdə virtual laborotoriyalarla real öyrənmə təcrübəsi yaratmaq mümkündür. Bunun üçün internet üzərində müxtəlif simulyasiya əsaslı öyrənmə resursları mövcuddur.
Bu gün “Azərbaycan müəllimi” olaraq sizə ödənişsiz və Azərbaycan dilində rahat istifadə edə biləcəyiniz bir resursu təqdim edəcəyik. Bu faydalı resurslardan biri də Kolorado Universitetinin təqdim etdiyi "PhET" interaktiv simulyasiyasıdır.
İlk olaraq “PhET” hesabınızı yarada bilərsiniz. Bunun üçün https://phet.colorado.edu/ saytına daxil olaraq hesabınızı formalaşdırmaqla ilk addımı ata bilərsiniz. Hesabınızı formalaşdırarkən çalışdığınız təhsil müəssisəsini (universitet və ya məktəb), eləcə də sinfi, fənni və s. seçməklə məzmunu adaptasiya edə, yəni uyğunlaşdıra bilərsiniz.
“PhET” simulyasiyaları real həyat hadisələri ilə əsas elm arasındakı əlaqəni vurğulayır, təbiətyönümlü fənlərin vizual və konseptual modellərin tələbələr üçün əlçatan olmasına kömək edir. “PhET” simulyasiyaları, ilk növbədə, universitet və lisey tələbələri üçün hazırlanıb və sınaqdan uğurla keçib.
“PhET” simulyasiyaları şagird və tələbələrə müxtəlif elektrik və elektronik konseptləri öyrətmək üçün effektiv alətdir. Bu simulyasiya vasitəsilə öyrənənlər virtual batareyalardan, naqillərdən, lampalardan, rezistorlardan, açarlardan və virtual kondansator və induktorlardan istifadə edərək sxemlər qura bilərlər. Həmçinin “PhET” simulyasiyaları görünməz hadisələri məsələn, elektronların hərəkətini, qaz molekullarının davranışını və elektrik enerjisinin davranışını virtual olaraq görmə imkanı yaradır. Bu simulyasiyalar, öz növbəsində öyrənənlərin qabaqcıl mövzularda mühakimə bacarıqlarını gücləndirir.
“PhET” Azərbaycan dili də olmaqla, ümumilikdə 121 dildə fəaliyyət göstərir. Burada təbiət elmləri üzrə 166 interaktiv simulyasiya mövcuddur. 166 interaktiv simulyasiyadan 114-ü 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan “PhET interaktiv simulyasiya platformasının Azərbaycan məktəbləri üçün adaptasiyası” layihəsi çərçivəsində dilimizə uyğunlaşdırılıb.
Saytın ümumi interfeysi ingilis dilində olsa da, brauzer üzərindən avtomatik Azərbaycan dilinə çevirdikdən sonra “simulyasiyalar” bölməsindən “tərcümə edilmiş simulyasiyalar” alt başlığına keçid etməklə Azərbaycan dilinə adaptasiya olunmuş interaktiv simulyasiyalarla tanış ola bilərsiniz. Növbəti addımda isə açılan pəncərədən müvafiq olaraq fənnin mövzusuna, sinfə uyğun simulyasiyaları axtarışa vermək mümkündür.
Qeyd edək ki, 2002-ci ildə Nobel mükafatı laureatı Karl Viman tərəfindən əsası qoyulan ABŞ-nin Kolorado Universitetində “PhET” interaktiv simulyasiyalar layihəsi pulsuz interaktiv riyaziyyat və elm simulyasiyalarını təqdim edir.
“PhET” simulyasiyaları geniş təhsil tədqiqatlarına əsaslanır və öyrənənlərin təcrübə əsaslı öyrənmə vasitəsilə öyrəndikləri intuitiv, oyuna bənzər mühit vasitəsilə təlim prosesinə cəlb olunmasını təmin edir.
“PhET” simulyasiyaları öyrənənlərin ümumən necə öyrənmələri, onların xüsusi elm anlayışlarını başa düşmələri və istifadəçi interfeysi dizaynı ilə bağlı araşdırmalara əsaslanır. Hər bir simulyasiya praktikliyi və konseptual öyrənməni ehtiva edir. Tədqiqatlar göstərir ki, “PhET” simulyasiyalarından səmərəli istifadə ənənəvi mühazirələr, nümayişlər və laboratoriyalarla müqayisədə konseptual öyrənmənin təkmilləşdirilməsinə səbəb ola bilər.
“Azərbaycan müəllimi” olaraq riyaziyyat, kimya, biologiya, fizika, coğrafiya kimi təbiətyönümlü dərslərdə virtual laborotoriyalarla real öyrənmə təcrübəsi yaratmaq üçün “PhET” simulyasiyalarından istifadəni tövsiyə edirik.
Növbəti dərslərinizdə praktiki təcrübələri bu resursla şagirdlərinizə və ya tələbələrinizə nümayiş etdirə, həmçinin ev tapşırığı kimi istifadə edə bilərsiniz.
“PhET” simulyasiyalarından istifadə etmək üçün keçid linki: https://phet.colorado.edu/
Vaqif FƏTULLAYEV