Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı ali məktəblərinin adları açıqlanıb
Böyük Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkəti Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı universitetlərinin növbəti reytinqini (QS University Rankings: Emerging Europe & Central Asia) tərtib edib. Ötən il olduğu kimi, reytinqə postsovet məkanının ən qocaman və nüfuzlu ali məktəblərindən olan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edir. Sıralamanın ilk 5-liyinə Novosibirsk Dövlət Universiteti (2-ci yer), Estoniyanın Tartu Universiteti (3-cü yer), Sankt -Peterburq Dövlət Universiteti (4-cü yer) və Çexiyanın Çarlz Universiteti (5-ci yer) daxil olublar.
Reytinqdə Azərbaycanı ölkəmizin 7 universiteti təmsil edir. Sıralamada Azərbaycan ali məktəbləri arasında liderlik Bakı Dövlət Universitetinə məxsusdur. BDU sıralamada 142-ci yeri tutub. Xəzər Universiteti 161-170-ci, Azərbaycan Dövlət İqtisad Universiteti 181-190-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA və Azərbaycan Dillər Universiteti 201-250-ci yerlərdə, Bakı Slavyan Universiteti isə 251 – 300-cü pillədə qərarlaşıb.
Müqayisə üçün deyək ki, reytinqdə Ermənistanın cəmi 3, Gürcüstanın isə 2 universiteti yer alıb.
Bütövlükdə 9 meyar əsasında tərtib edilmiş reytinqə 24 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsindən 450 universitet daxil olub. Ali məktəbin yekun nəticəsinə ən böyük töhfə onun elmi reputasiyası (30%) və işəgötürənlər arasında nüfuzu (20%), eləcə də professor-müəllim tərkibinin tələbələrin sayına olan nisbəti (15%) təsir göstərir. Başqa göstəricilər arasında əcnəbi professorların sayı, xarici tələbələrin sayı, publikasiya fəallığı (10%), elmi nəşrlərdən sitatgətirilmə, elmi dərəcəli əməkdaşların sayı, universitet internet-resurslarının effektivliyi kimi meyarları göstərmək olar.
Oruc MUSTAFAYEV