Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.  Maksimal bal toplayan 39 abituriyent arasında Naxçıvan ümumtəhsil məktəblərindən 4 şagird yer alıb. Naxçıvan şəhər  1 nömrəli tam orta məktəbin şagirdi  Hafizə Hüseynzadə, 12 nömrəli şəhər tam orta məktəbin şagirdi Leyla Nağıyeva, Şərur rayon Fizika- riyaziyyat təmayüllü liseyin şagirdi Ziya Əbilov və Culfa rayon 3 nömrəli tam orta məktəbin şagirdi  Kənan İsmayıllı 300 bal toplayıblar.  

 

Adlarıçəkilən məktəblilər qazandıqları uğurlarla bağlı təəssüratlarını  “Azərbaycan müəllimi” ilə bölüşüblər.      

 

“Arzum  Bakı Ali Neft Məktəbinə qəbul olmaqdır”

 

Ziya Əbilov,

Şərur rayon Fizika- riyaziyyat təmayüllü liseyin şagirdi  

Ziya Əbilov  buraxılış imtahanından 300 bal topladığını biləndə sevincinin hədd-hüdudu olmayıb. Hisslərini ailəsi və müəllimləri ilə  bölüşüb:"Əslində 300 balı qazanacağıma əmin idim.  Çünki suallara düzgün cavab verdiyimə inanırdım. Dərslərimə həmişə diqqətli olmuşam. 3 il repetitor yanına hazırlığa getmişəm.  Riyaziyyat müəllimim Elnurə Əhmədovaya və mənə Azərbaycan dilinin bütün incəliklərini öyrədən müəllimim Tərlan Əhmədovaya təşəkkürümü bildirirəm”.

 

Ziya liseydə  oxuduğu müddətdə  bütün fənləri həvəslə öyrənib. Olimpiadalara qatılıb, müsabiqələrdə iştirak edib. Hər dəfə uğura imza atdıqca daha da ruhlanıb. Riyaziyat olimpiadasında yaxşı nəticələr qazanıb. Onun arzusu Bakı Ali Neft Məktəbinə qəbul olmaqdır: "İnformasiya təhlükəsizliyini dərindən bilmək istəyirəm. Təhsilimi gələcəkdə xaricdə davam etdirmək barədə də düşünürəm”.

 

“Hüquqşünaslıq ixtisasında oxumaq istəyirəm”

 

Hafizə Hüseynzadə,   

Naxçıvan şəhər  1 nömrəli tam orta məktəbin şagirdi 

İmtahanda 300 bal toplayan digər Naxçıvan məktəblisi Hafizə Hüseynzadə yüksək nəticə qazanmaq üçün daim çalışıb. Deyir ki, özünə qarşı həmişə tələbkar olub: "Sosial şəbəkələrdən uzaq durmağa çalışmışam ki, vaxtımın çox hissəsini hazırlıqlara yönəldə bilim. İmtahan çox məsuliyyətli bir prosesdir, ona görə fasiləsiz çalışmaq lazımdır”.

 

O, qarşıdakı blok  imtahanlarına da ciddi yanaşır: “İstəyirəm ki, “Hüquqşünaslıq” ixtisasında təhsil alım”.

 

“Müəllimlərimə və ailəmə minnətdaram”

 

Leyla Nağıyeva,

Naxçıvan şəhər 12 nömrəli  tam orta məktəbin şagirdi

İmtahanda maksimal nəticə əldə edən  Leyla Nağıyeva isə deyir ki,  balını öyrəndiyi ilk anda gözünün önünə valideynlərini, müəllimlərini, yaxınlarını gətirib. Onların bu nəticədən necə sevinəcəklərini düşünüb.  11 illik təhsil həyatında  ona dəstək olan ailəsinin və müəllimlərinin etimadını doğrultduğu üçün özünü xoşbəxt hiss edib.  O, 9-cu sinifdən imtahanlara ciddi hazırlaşmağa başlayıb:”Məktəbdə öyrəndiklərimi təkmilləşdirmək üçün repititor yanına  getmişəm. Yaxşı nəticəmə görə müəllimlərimə, hər zaman yanımda olan ailəmə minnətdaram”.  

 

 

“Çalışan hər bir şagird istədiyi uğuru qazana bilər”

 

Kənan İsmayıllı,

Culfa rayon 3 nömrəli tam orta məktəbin şagirdi 

Kənan İsmayıllı da nəticəsi ilə qürur duyur.  Hədəfi blok imtahanlarında da yüksək nəticə göstərməkdir. Hesab edir ki, çalışan hər bir şagird istədiyi uğuru qazana bilər. Əla nəticə göstərməyində həm məktəb müəllimlərinin, həm də repetitorların əməyini yüksək qiymətləndirir: "Müəllimlərim  Sahibə Nəzərova  və Vüsalə  Ələkbərovanın  zəhməti  danılmazdır. İstər fənn olimpiadalarında, istərsə də buraxılış imtahanlarında  hər zaman mənə dəstək olublar. X və XI siniflərdə isə repititor müəllimlərimin  dəstəyi ilə bilik və bacarıqlarımı möhkəmləndirmişəm”.

 

O, Azərbaycan dili və ədəbiyyat fənnlərindən Respublika fənn olimpiadalarında yarımfinal mərhələsinə qədər gəlib. Deyir ki, sosial şəbəkələrdən istifadə etmir. Dərs hazırlıqları ilə yanaşı, idmanla da məşğul olur. Xaricdə təhsil almaq fikri yoxdur: "Öz ölkəmdə “Hüquqşünaslıq” ixtisasında təhsil almaq istəyirəm”.

 

Sifai SƏFƏROVA