5 may 2024-cü il tarixində Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu təşkil ediləcək.
“Azərbaycan müəllimi” Təhsil İnstitutuna istinadən xəbər verir ki, şagirdlər yarımfinal turunda iştirak etmək üçün 19 aprel tarixindən etibarən buraxılış vərəqələrini əldə edə bilərlər.
Buraxılış vərəqələrinin yüklənməsi prosesi qeyd edilən tarixlərdə https://portal.edu.az/ platforması vasitəsilə həyata keçiriləcək. Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur.
Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turunda şagirdlərə müvafiq istiqamət üzrə 25 qapalı sual təqdim ediləcək. Final turuna hər istiqamət üzrə ən yüksək nəticə göstərən 150 nəfər şagirdin buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.