“Sabahın alimləri” Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, ali məktəblərin rektorları və digər qonaqlar iştirak ediblər.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov uğur qazanan məktəbliləri təbrik edib. O, Qarabağ Universitetinin növbəti tədris ilindən fəaliyyətə başlayacağını xatırladaraq işğaldan azad olunan ərazilərdə son illərin vacib təhsil hadisələrini qeyd edib. Nazir müavini “Sabahın alimləri” müsabiqəsinin iştirakçısı və qalibi olan məktəblilərin gələcəkdə elm sahəsində öz yerlərini tutacaqlarına inamını ifadə edib: “Sabahın alimləri çox güclü olmalıdır. Dünyanın inkişafı gələcəyin alimlərindən asılıdır”.

 

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva da “Sabahın alimləri” müsabiqəsinin uğurlarına diqqət çəkərək deyib ki, bu cür yarışlar yetişməkdə olan nəsil arasında istedadları üzə çıxarmağa şərait yaradır.

 

Müsabiqə iştirakçısı olan 200 məktəblini təbrik edən İ.Hacıyeva onlara tövsiyələrini verib.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə  müsabiqə iştirakçıları arasında  qızların üstünlük təşkil etməsini yüksək qiymətləndirib:” Sevindirici haldır ki, müsabiqəyə rayon məktəblərindən qatılanlar da çoxdur”.