Gənc müəllim Özal Muradov: “Fiziki məhdudiyyət heç vaxt inkişafa, uğura mane ola bilməz”


“Azərbaycan müəllimi”nin budəfəki qonağı oxumaq və inkişaf etməkdə məhdudiyyət tanımayan Özal Arif oğlu Muradovdur. Gənc müəllimi yaxından tanıyaq. 1994-cü il sentyabrın 23-də Bakı şəhərində anadan olub. 4 yaşında keçirdiyi suçiçəyi xəstəliyindən görmə qabiliyyətini tam itirib. Amma bu, onu heç vaxt ruhdan salmayıb. İlk təhsilini 2001-2013-cü illərdə 5 nömrəli Respublika xüsusi internat  məktəbində  alıb. 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Tarix müəllimi” ixtisasına qəbul olub, 2017-ci ildə bakalavr pilləsini bitirib. 2017-2019-cu illərdə Sumqayıt Dövlət Universitetində “Avropa və Amerika ölkələrinin yeni və ən yeni dövrlərinin tarixi” ixtisası üzrə magistratura təhsili alıb və bu ali təhsil ocağının fərqlənmə diplomuna layiq görülüb.

 

MİQ-də maksimum bal, şagirdlərinin sevimli müəllimi

 

Özal Muradov 2019-2022-ci illərdə Lerik rayonu Zenoni kənd ümumi orta məktəbində tarix müəllimi kimi çalışıb. 2022-ci ildə müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərərək 97,5 bal toplayıb. Elm və Təhsil Nazirliyinin qərarı ilə ucqar kəndlərdə minimum 3 il işləyən müəllimlərin balı əmsal artımı ilə hesablandığına görə Özal Muradov da bu imkandan yararlanıb. Hazırda Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə çalışır, şagirdlərinin sevimli tarix müəlliminə çevrilib. Müəllimlərin işə qəbulu imtahanı ərəfəsində həyat yoldaşı ona çox böyük dəstək olub.

 

Səsli kitablar işini asanlaşdırdı

 

Bilikləri uşaqlıqda maqnitofon vasitəsilə disklərdə və kasetlərdə səsli kitablara qulaq asaraq topladığını deyir Özal müəllim. Bu disk və kasetlər 1981-ci ildə yaradılan Gözdən Əlillər üçün Respublika kitabxanasında müəyyən diktorlar tərəfindən səsləndirilən səsli kitablardır. Universitet illərində qrup yoldaşları ona dərsləri oxuyur və  bəzən telefon vasitəsilə də dərsləri danışırmışlar. Mobil telefonlarda səsli proqramlar yaradıldıqdan sonra telefonun ekranında yazılan bütün yazıları dinləyir və sosial mediadan da istifadə edə bilir.

 

“Düşüncə əngəlləri aşır”

 

Həyatındakı ən böyük dəstəkçiləri ailəsinin olduğunu deyir: “Hər bir insanın fərqli öyrənmə metodları var. Məncə öyrənmənin ən gözəl yolu oxuduğun fənni, ixtisası sevməkdir. Sevgi, inam işin yarısı deməkdir.

 

Düşünürəm ki, Azərbaycanın təhsil ictimaiyyətinə, şagirdlərimə və cəmiyyətə yararlı bir insan olmaq mənim üçün ən böyük uğur və vacib vəzifədir. Ən böyük istəyim şagirdlərimin və məni bu cəmiyyətdə tanıyan insanların yaddaşında hər zaman yararlı bir insan kimi qalmaqdır.

 

Xüsusilə fiziki məhdudiyyətli övladları olan valideynlərə səslənirəm, bəzən övladlarını gizlədirlər, sanki onlardan utanırlar. Qətiyyən bunu etməyin. Çünki mənim timsalımda və başqa bir sıra şəxslər də var ki, gözəl şeirlər yazırlar, gözəl rəsmlər çəkirlər, yaxşı ifalar edirlər və yaxud mənim kimi müəllimlər məktəblərdə dərs deyirlər. Hətta ADA Universitetində belə gözdən əlil dərs deyən müəllim var. Bunları deməkdə məqsədim odur ki, düşüncə əngəlləri aşır. Fiziki məhdudiyyət heç vaxt inkişafa, uğura mane ola bilməz. Əsas odur ki, bizim düşüncəmizdə əngəl olmasın”.

 

Şölə RƏŞİDQIZI