Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Akademiyanın təşkilatçılığı ilə keçirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edən İraq alimləri ilə görüşüb.
“Azərbaycan müəllimi” Akademiyaya istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İraq elmi-ədəbi əlaqələrinin tarixindən söz açan akademik İ.Həbibbəyli birgə elmi tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb, əlaqələrin inkişaf perspektivlərindən danışıb.
İraq Strateji Araşdırmalar Mərkəzinin müdiri, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri doktor Mutaz Muhyi Əbdülhəmid və Türkmən Mədəniyyət Mərkəzinin müdiri, “Türkmən eli” jurnalının baş redaktoru doktor Sabah Kərküklü AMEA alimləri ilə sıx əməkdaşlıq qurmaqda, Məhəmməd Füzulinin həyatı və yaradıcılığına dair ortaq layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayaraq qarşılıqlı elmi əlaqələrin inkişaf perspektivləri barədə söz açıblar.
Görüş zamanı Azərbaycanda İraq ədəbiyyatının, İraqda isə Azərbaycan ədəbiyyatının təbliği məqsədilə tərcümə əsərlərinin, ayrı-ayrı ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığını əhatə edən monoqrafiyaların, eləcə də qarşılıqlı olaraq elmi məqalələrin nəşri məsələləri müzakirə edilib, müvafiq razılıq əldə olunub.