"Ənənəvi olaraq uşaqların uğurlu olub-olmaması ali təhsil müəssisələrinə qəbul olmaq və ya olmamaqla ölçülür. Lakin milli təhsilimizin məqsədlərini yenidən müəyyən etməyə çalışsaq, ən vacib məqamlardan biri hər bir uşağın ümumtəhsil müəssisəsini qalib olaraq bitirməsini təmin etməkdir". 
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbində təşkil olunan “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılışında çıxışı zamanı deyib.
 
 
Nazir qeyd edib ki, uşaqlarımızı uğurlu və uğursuz uşaqlara bölməməliyik.
 
"Burada əsas amil onları hansı meyarlara görə qiymətləndirməkdir. İstənilən bir meyar üzrə ölçmələr aparsaq, orada bacarıqlı və bacarıqsız insanlar olacaq. Lakin hər insanın mütləq ki, bir sahə üzrə istedadı var. Sadəcə bu istedadı üzə çıxarmaq üçün düzgün meyarlar hazırlanmalıdır. Hazırda Elm və Təhsil Nazirliyi olaraq bizi düşündürən məqam məhz budur. Biz riyaziyyat, fizika, kimya, biologiya kimi texniki sahələr üzrə bacarıqları ölçmək üçün düzgün üsulları tapmışıq. Hər il bu sahələr üzrə müəyyən sayda bacarıqlı şagirdi üzə çıxarırıq. Təbii ki, digər sahələr üzrə də bacarıqlı şagirdlərimiz var. Onlar üçün də ayrı müsabiqələr keçirilsə, istedadları üzə çıxarıla bilər. Bu ildən başlayaraq Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birgə ilk addımları atacağıq".