Bakı Mühəndislik Universiteti (BMU) 2024-cü il üçün Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

 

BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, ümumilikdə 10 istiqamət üzrə aparılan qəbul diferensial tənliklər, neft kimyası, inşaat mexanikası, materiallar texnologiyası, enerji texnologiyası, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, sahə iqtisadiyyatı, texniki estetika və dizayn, memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası, şəhərsalma, yaşayış məntəqələrinin planlaşdırılması, landşaft memarlığı kimi elm sahələri və ixtisaslarını əhatə edir.

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 10 yer, o cümlədən dövlət sifarişli və ödənişli əsaslarla əyani təhsil forması ilə 3, qiyabi təhsil forması ilə 7 yer nəzərdə tutulur. Dissertantura pilləsi üçün isə 6 yer ayrılıb.

 

Cari ildən qəbul planında enerji texnologiyası ilə texniki estetika və dizayn, memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası, şəhərsalma, yaşayış məntəqələrinin planlaşdırılması, landşaft memarlığı kimi yeni ixtisaslar yer alıb.

 

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali  və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçməklə, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

 

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 16 aprel tarixindən başlayacaq. Sənəd qəbulu üçün son tarix isə 15 may 2024-cü il müəyyənləşib. Qəbulla bağlı daha ətraflı məlumatı müvafiq linkə (https://beu.edu.az/az/announcement/bmu-2024-cu-il-ucun-felsefe-doktoru-proqramlari-uzre-doktoranturaya-qebul-elan-edir-399) daxil olmaqla əldə etmək mümkündür.