Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi çərçivəsində 4 günlük təlim kursu keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlim kursunda Azərbaycan Texnologiya, Gəncə Dövlət, Azərbaycan Dövlət Aqrar, Naxçıvan Dövlət, Sumqayıt Dövlət və Lənkəran Dövlət universitetlərindən ümumilikdə 20 əməkdaş iştirak edib. Təlimlərdə Azərbaycan Texnologiya Universitetini Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramidə Xəlilova, aparıcı mütəxəssisi İlahə Qurbanova, İnnovasiya mərkəzinin direktoru Şamo Salayev, Ümumi və tətbiqi fizika kafedrasının assistenti Nilufər Orucova təmsil ediblər.
Kurs çərçivəsində təlimçi Gülşən Bayramova ali təhsildə beynəlmiləlləşmə, Erasmus+ layihələri və həmin layihələrin yazılması, layihə dizaynı, tərəfdaşların seçilməsi və layihə büdcəsinin hazırlanması mövzuları barədə geniş məlumat verib, qrup işləri təşkil edib.
Növbəti mərhələdə universitet əməkdaşları üçün 1 ay müddətində mentorluq proqramı həyata keçiriləcək.
Qeyd edək ki, “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qaliblərindəndir.
Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin əməkdaşlarının beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bacarıq və biliklərinin artırılması, o cümlədən müvafiq vərdişlərinin formalaşdırılmasıdır.