Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müəllimi Leyla Əliyeva və Fəlsəfə və sosial elmlər kafedrasının müəllimi Lalə Quliyeva Erasmus+ mübadilə proqramı çərçivəsində Danimarkanın Kopenhagen Universitet Kollecində (UCC) təşkil olunan beynəlxalq həftədə iştirak ediblər.

 

ADPU-dan “Azərbaycan müəllimi” nə bildirilib ki, “Potensialları və çətinlikləri tarazlayan - Rəqəmsal Həyat” mövzusuna həsr olunmuş beynəlxalq həftədə müxtəlif ölkələrdən 100-dən çox akademik heyət üzvü iştirak edib.

 

“Rəqəmsal bacarığı təhsilə necə inteqrasiya etmək olar?”, “Texnologiya ilə bütünləşmiş müasir dünyada təhsildə rəqəmsal savadlılığı və bacarıqları necə inkişaf etdiririk”, “Rəqəmsal alətlər və bacarıqlar”, “Məktəblərdə rəqəmsallaşdırma”, “Beynəlxalq əməkdaşlığın və biliyin texnologiyalar vasitəsilə gücləndirilməsi”, “Virtual əməkdaşlığın və tələbə mübadiləsinin asanlaşdırılması” və s. mövzularda təqdim edilən mühazirə, qrup işləri və müzakirələr böyük maraqla qarşılanıb.

 

Beynəlxalq həftə çərçivəsində ADPU müəllimləri coğrafiya fənni üzrə dərs müşahidələri aparıb, dərsin quruluşu, istifadə olunan tapşırıqlar, tələbələrin hazırladıqları əyani vəsaitlərlə tanış olublar. Ditte Marie Pagaard ilə “Dayanıqlı inkişaf və urbanizasiya” mövzusunda çöl təcrübəsində iştirak edən müəllimlər, həmçinin Peter Mikael Hansenin “Tektonik tavaların hərəkətliliyi” mövzusunda keçirilən dərsində iştirak ediblər. “Dayanıqlı inkişaf və urbanizasiya”, “Coğrafiyaya kurikulumun tətbiqi”, “Coğrafiya dərslərində çöl təcrübəsinin təşkili” kimi mövzularda UCC və ADPU coğrafiyaçıları arasında təcrübələrin öyrənilməsi və tətbiq olunması məsələləri müzakirə edilib.

 

Həmçinin səfər çərçivəsində ADPU nümayəndələri Gürcüstanın İliauni,  Türkiyənin Aydın universitetlərinin nümayəndələri ilə gələcəkdə universitetlərarası əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

 

Eyni zamanda, Erasmus+ mübadilə proqramı çərçivəsində Kopenhagen Universitet Kollecində təhsil alan Pedaqoji Universitet tələbələri ilə də görüş keçirilib.