1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BMT-nin ətraf mühit problemlərinə həsr olunan konfransında bəşəriyyətin davamlı inkişafı üçün ekoloji təhsil və maarifləndirilməsinin böyük əhəmiyyəti vurğulanıb və həmin vaxtdan etibarən 15 aprel “Ekoloji Bilik Günü” kimi bütün dünyada qeyd olunmağa başlayıb.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, dünya miqyasında bu günün təsis olunmasının əsas məqsədi ekoloji biliklərin təbliği və əhalinin ekoloji mədəniyyətinin formalaşdırılması, ətraf mühitin təhlükəsizliyi sahəsində işlərin vəziyyəti və ətraf mühitin vəziyyəti barədə ictimaiyyətin məlumatlandırılması, ekoloji düşünmə qabiliyyətli vətəndaşın tərbiyəsi və hazırlanmasıdır.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli  Sərəncamı ilə ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncama uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
 
Hazırda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə ümumtəhsil məktəblərinin şagirdləri və ali təhsil müəssisələrinin tələbələri arasında ekoloji maarifləndirmə işləri davam etdirilir. 
 
Oruc MUSTAFAYEV