Sənəddə fakültələrin, kafedraların qarşılıqlı əlaqələrinin yaradılması nəzərdə tutulub


İmperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin rektoru Aleksandr Panıçev və həmin universitetin prorektoru Pitr Rıbin Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanla Rusiya ali təhsil müəssisələri arasında mövcud olan əməkdaşlıq əlaqələrinə diqqət çəkərək bu əlaqələrin ikili və çoxtərəfli əməkdaşlıqlar yolu ilə gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib. AzTU-nun tarixi, elmi potensialı, beynəlxal əməkdaşlıq proqramları, fakültələri və ixtisasları haqqında qonaqlara geniş məlumat verən rektor əvəzi qeyd edib ki, Azərbaycanda sənayenin bəzi sahələri üçün yalnız AzTU-da kadr hazırlığı həyata keçirilir.

 

Azərbaycan Texniki Universitetində olmaqdan məmnunluğunu bildirən rektor Aleksandr Panıçev Sankt-Peterburq Dövlət Nəqliyyat Universiteti haqqında və mümkün əməkdaşlıq sahələrindən danışıb. Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetində həyata keçirilən tədris prosesi, elmi-tədqiqat işləri, həmçinin kadr hazırlığının istiqamətləri haqqında ətraflı məlumat verən Aleksandr Panıçev qeyd edib ki, təmsil etdiyi ali təhsil müəssisəsinin dünyanın bir çox ölkəsinin universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. 

 

Görüşdən sonra AzTU-nun Heydər Əliyev Mərkəzində Azərbaycan Texniki Universiteti ilə Sankt-Peterburq Dövlət Nəqliyyat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə elmi-tədqiqat işlərinin, elmi-metodiki konfransların, seminarların və simpoziumların birgə təşkili, müəllim-tələbə, magistr, doktorantların mübadiləsi və müxtəlif fakültələrin, kafedraların qarşılıqlı əlaqələrinin yaradılması kimi məsələlər nəzərdə tutulub.