Ukraynada müharibə başlayan ərəfədə sonuncu kursda təhsil alan azərbaycanlı tələbələrə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomların tanınmasında güzəştlər tətbiq edilib. Buna baxmayaraq, bu güzəştlər növbəti illərdə oraya üz tutan tələbələrə şamil olunmur.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarə Heyətinin sədri Tural Əhmədov jurnalistlər üçün keçirilən infosessiyada deyib.
Tural Əhmədov bildirib ki, “Vətəndaşlara Ukrayna universitetlərinə getməyi tövsiyə etmirik. Onlar ora qəbul olduqdan sonra müharibəni səbəb kimi gətirərək ölkədaxili universitetlərə transfer olunmalarını tələb edirlər. Həmin tələbələrə güzəştlər tətbiq olunmayacaq. Bu axının qarşısının alınması, gələcəkdə əmək bazarına səriştəli kadrların daxil olması üçün bunu etməliyik. Bəzi təhsil şirkətləri insanları yanlış yönləndirərək asan diplom verən universitetlərə, aktiv müharibə şəraiti olan Ukrayna ali təhsil müəssisələrinə yönləndirirlər”.
Vaqif FƏTULLAYEV