Dördüncü “Yüksəliş” müsabiqəsində universitetlər üzrə qeydiyyat statistikasına əsasən bakalavriat təhsili üzrə ən böyük iştirakçı qrupu Azərbaycan Dövlət İqtisad Universitetindəndir. Həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri TOP 5 universitet siyahısında sayca ilk sıralarda yer alırlar.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib. O bildirib ki, bakalavriat təhsili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin 3 min 164 məzunu, Bakı Dövlət Universitetinin 2 min 741 məzunu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1337 məzunu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 930 məzunu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 687 məzunu builki müsabiqədə qeydiyyatdan keçib.
“Magistratura təhsili üzrə TOP 5 universitet siyahısında Azərbaycan Dövlət İqtisad Universitetinin 2 min 150 məzunu, Bakı Dövlət Universitetinin 892 məzunu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 675 məzunu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 288 məzunu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 272 məzunu builki müsabiqədə qeydiyyatdan keçib”.
Fərhad Hacıyev qeyd edib ki, TOP 5 universitet siyahısında doktorantura/aspirantura təhsili üzrə Azərbaycan Milli Elmlər Akademiyasından 212, Bakı Dövlət Universitetindən 140, Azərbaycan Dövlət İqtisad Universitetindən 84, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 64, Azərbaycan Texniki Universitetindən 26 nəfər builki müsabiqədə qeydiyyatdan keçib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
Müsabiqənin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.