Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu Türkiyənin Atatürk və Bartin Universitetləri ilə beynəlxalq elmi əməkdaşlığını genişləndirir.

 

Aşqarlar Kimyası İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki,  2014-cü ildən başlanılan müştərək beynəlxalq tədqiqatlar yeni mərhələdə davam etməkdədir. “Canlı orqanizmin bəzi patoloji proseslərin yeni nəsil inhibitorları”nın yaradılması istiqamətində bioüzvi kimyəvi tədqiqatlar nəticəsində onlarla mühüm göstəricilər  əldə olunub və həmin nəticələr indiyə qədər dünyanın nüfuzlu elmi bazalarında arxivləşən yüksək impakt faktorlu jurnallarda 50-dən çox məqalə şəklində dərc edilib.

 

İnstitutun aparıcı alimlərinin Türkiyənin Atatürk Universitetindən olan həmkarları ilə birlikdə apardıqları müştərək elmi tədqiqatların mühüm nəticələri növbəti məqalə şəklində Q2 kateqoriyalı “Web of Science” bazasında impakt faktoru 2.9, “Scopus” bazasında impakt faktoru 3.9 olan dünyaca məşhur “Wiley” nəşriyyatının  “Chemistry & Biodiversity” jurnalında (Vagif Farzaliyev,  Adem Ertük,  Malahat Abbasova,  Oruj Nabiyev,  Yeliz Demir,  Hatice Kızıltaş,  Afsun Sujayev,  ilhami Gülçin, Synthesis and Inhibitor Effect Novel Alkoxymethyl Derivatives of Dihetero Cycloalkanes on Carbonic Anhydrase and Acetylcholinesterase, 2024, e202400296, https://doi.org/10.1002/cbdv.202400296) dərc olunub.

 

Məqalə sənaye, tibb, biotexnologiya və kimya texnologiyası kimi müxtəlif sahələrdə geniş istifadə oluna bilən 1,3-Diheterotsiklikoalkanların yeni alkoksimetil törəmələrinin sintezi və karbonik anhidraz və asetilkolinesteraza ferment-izofermentlər üzrə inhibitor təsirlərinin öyrənilməsinə həsr edilib. Alimlərin müfəssəl araşdırmaları nəticəsində məlum olub ki, yeni törəmələr canlı orqanizmlərdə gedən bir çox patoloji proseslərdə effektiv inhibə təsiri göstərirlər.