“Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti” mövzusunda konfranslar keçiriləcək.


Bu barədə “Azərbaycan müəllimi” qəzetinə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı və regionlarda təşkil ediləcək konfranslarda dövlətin və ictimaiyyət nümayəndələrinin imtahanların idarə olunmasında iştirakı haqqında məlumat veriləcək, DİM-in fəaliyyəti ilə əyani tanışlıq olacaq. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi konfranslar Gəncədə noyabrın 3-də, Şəkidə noyabrın 5-də, Lənkəranda noyabrın 8-də, Naxçıvanda noyabrın 13-də, Bakı şəhərində isə noyabrın 17-də keçiriləcək. Konfranslara Bakı və regionlar daxil olmaqla 1000 nəfərə yaxın iştirakçının qatılacağı gözlənilir.

 

Tədbirin keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq və Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.

 

Konfranslarda 2019-cu ildə imtahanların keçirilmə texnologiyasında nəzərdə tutulan yeniliklər, imtahan modeli və yeni məzmunlu tapşırıqlarla bağlı ictimaiyyətin məlumatlandırılması, ictimai əhəmiyyətli fəaliyyət olan imtahanların təşkili, keçirilməsi, nəticələrin emalı, həmçinin imtahanlara cəlb edilən məsul şəxslərin, əlaqəli təşkilatların bu proseslərdə iştirakı, dövlət qulluğuna qəbul və digər məsələlər haqqında geniş məlumat veriləcək.

 

Konfransların yekununda ötən il ərzində fərqlənən imtahan rəhbərləri və nəzarətçilərin təltif olunma mərasimi də keçiriləcək.