Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 45 ümumi təhsil müəssisəsində metodik xidmət göstərən metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan məlumat verilib.
 
Qeyd edilib ki, ümumi təhsil müəssisələrində şagird nailiyyətinin yüksəldilməsi və müəllimlərin peşəkar inkişafı məqsədilə BŞTİ və RTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili işinə başlanılıb. Artıq bu fəaliyyət 2 aydır ki, davam edir.
 
Belə ki, ARTİ MDPİM-in dəstəyi ilə 45 ümumi təhsil müəssisəsinə cəlb olunan ibtidai siniflər üzrə metodistlər fəaliyyət planı üzrə müəllimlərə metodiki dəstək xidməti göstərirlər. Bununla əlaqədar 2024-cü ilin aprel ayından etibarən metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb.
 
Məqsəd metodistlər tərəfindən həyata keçirilən fəaliyyətlərin effektivliyinin ölçülməsi, onların bu prosesi necə təşkil etmələrinin izlənilməsi, müəllimlərlə öyrədici mühitin, sağlam-psixoloji mühitin necə təşkil olunması eləcə də metodistlərin metodiki ehtiyaclarının müəyyənləşdirilməsi və onlara bu istiqamətdə dəstəyin göstərilməsi olub.
 
ARTİ MDPİM-in əməkdaşları tərəfindən Bakı şəhəri 205, 244, 246, 264, 308 nömrəli tam orta məktəblərdə, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə metodik xidmətin təşkili üzrə fəaliyyətə cəlb olunan metodistlərlə görüş təşkil edilib, onların bu istiqamətdə fəaliyyətinə baxış keçirilib.
 
Metodistlərlə görüş zamanı sənədləşmə işləri, metodik xidmətin təşkili ilə bağlı gündəlik planlaşma, qarşıya çıxan problemlər və həll yolları, gələcəkdə planlaşdırılan məsələlər barədə müzakirə aparılıb. Bundan əlavə həm metodistlərin, həm də metodistlərlə birgə digər müəllimlərin dərsləri müşahidə olunub. Dərsi müşahidə olunan müəllimlərə metodist tərəfindən əks-əlaqə verilib. Bu zaman metodistlər tərəfindən müəllimlərə verilən əks-əlaqə prosesi ARTİ MDPİM-in əməkdaşları tərəfindən əvvəlcədən tərtib olunan meyarlar əsasında izlənilib. Sonra metodistlər tərəfindən müəllimlər üçün təşkil edilən metodik görüşləri müşahidə olunub. Son mərhələdə isə bütün bu prosesdə müşahidə olunan məsələlər metodistlər ilə müzakirə olunub, müsbət, güclü və zəif tərəflərlə bağlı onlara tövsiyələr verilib. Müzakirə zamanı metodistlərin fəaliyyətləri ilə bərabər onların peşəkar inkişafının əhəmiyyəti xüsusi vurğulanıb.
 
Qeyd edək ki, hazırda metodiki xidmətin təşkili üzrə metodistlərin fəaliyyətlərinin monitorinqi 45 ümumi təhsil müəssisəsinə daxil olan digər məktəblərdə də davam edir.