Xəbər verdiyimiz kimi Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 16 şagirdi bu il keçirilən XI siniflərin buraxılış imtahanında riyaziyyat fənnindən bütün suallara düzgün cavab verərək, maksimum bal toplayıb.

 

Sözügedən liseyin direktoru Rəşad Qədirov şagirdlərinin nailiyyətləri ilə bağlı "Azərbaycan müəllimi" qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

 

- Rəşad müəllim, öncə xahiş edirik liseyinizin ümumi fəaliyyəti və uğurları barədə bizə məlumat verərdiniz.

- Liseyimiz 2019-cu ildən fəaliyyət göstərir. Liseyə qəbul Təhsil İnstitutunun lisey və gimnaziyalar üçün təşkil etdiyi mərkəzləşmiş imtahan vasitəsilə aparılır. Beş il ərzində həm elm müsabiqələrində, həm də incəsənət müsabiqələrində nailiyyətlərimiz olub. İndiyə qədər şagirdlərimiz Respublika Fənn Olimpiadalarında 55 medal, Respublika Fənn Müsabiqələrində 38 medal, beynəlxalq fənn olimpiadalarında 12 medal qazanıblar. Artıq iki ildir ki, şagirdlərimizi məzun edirik, hər iki ildə də ali məktəblərə qəbul olan məzunlarımızın qəbul faizi 100% təşkil edib. Həmin məzunlarımız həm Azərbaycanda, həm də dünyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər. İndiyə qədər 8 məzunumuz universitetlərə müsabiqədənkənar, yəni imtahansız qəbul oublar. Bundan əlavə hər il keçirilən STEAM Azərbaycan Festivalı,VEX Robotics, “Technofest”, “Əlaçı” kimi müsabiqələrdə də kifayət qədər uğurlarımız var.

 

- Buraxılış imtahanında Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 16 şagirdi riyaziyyat fənnindən maksimum bal toplayıb. Bu uğurun sirri nədir?

- Əvvəlcə onu qeyd edim ki, kifayət qədər şagirdimiz yalnız riyaziyyat fənnindən deyil, Azərbaycan dili və ingilis dili fənnindən də maksimal nəticə toplayıblar. Bu imtahanlarda şagirdlərimizin yüksək bal toplamasının xüsusi sirri yoxdur. Düşünürəm ki, bütün bu uğurları hər hansı bir amilə bağlamaq düzgün olmaz, çünki bu uğur şagirdlərlə qurulmuş bütöv bir komanda işinin nəticəsidir. Bu nəticənin əldə olunması üçün aşağı siniflərdən etibarən şagirdlərin istedadını kəşf etmək, onlarda özünə inam formalaşdırmaq, aşağı siniflərdən etibarən dərs materiallarını yaxşı mənimsətmək, şagirdləri düzgün istiqamətləndirmək, ən əsası isə şagirdlərdə müstəqil öyrənmə bacarığı kimi bacarıqlar formalaşdırmaq lazımdır. Bu bacarıqları formalaşdırmaq üçün müəllim heyəti arasında sağlam mühitin olması, valideyn-müəllim-şagird əlaqələrinin sıx qurulması da vacib amillərdəndir.

 

- Bəzən şagird uğurlarının arxasında əlavə hazırlıqların, repetitor əməyinin olduğunu xüsusi vurğulayırlar. Amma bu nəticələr də göstərir ki, həqiqət tam da bu deyil və hər il kifayət qədər şagirdiniz əlavə hazırlığa getmədən belə yüksək nəticələr göstərir.

- Bəli, mən də bu fikirlə razı deyiləm. Əvvəlki illlərdəki məzunlarımız, həmçinin builki şagirdlərimizin də böyük əksəriyyəti repetitor yanına getmədən uğur qazanmağın mümkünlüyünü sübut etdilər. Keçən tədris ilində lisey üzrə ən yüksək nəticə göstərən məzunlarımız yalnız liseydə keçirilən dərslərdə öyrəndikləri ilə yüksək bal toplayıblar. Builki 11-ci sinif şagirdlərimizin böyük əksəriyyəti yalnız lisey dərslərində iştirak edərək universitetə hazırlaşırlar. 11-ci sinif şagirdlərimiz 9-cu sinfi bitirib, seçdikləri ixtisas qrupuna uyğun təmayül siniflərinə bölünərkən hər bir siniflə valideyn iclasları keçirdik, lazım gəldikdə şagird və valideynlərin hər biri ilə tək-tək görüşdük. İclaslarda izah etməyə çalışırdıq ki, əsas məsələ şagirddədir, əgər şagird özünə və müəlliminə inanarsa, istədiyi nəticəyə çatacaq. Əlbəttə, onları inandırmaq bizim üçün asan olmadı, təbii ki, bizə və övladlarına inanıb bu yolu bizimlə birlikdə addımlayanlar da oldu, birlikdə addımlamayıb əlavə repititora üz tutanlar da. Sevindirici haldır ki, bizə inananlar bu gün verdikləri qərardan peşman olmadılar.

 

 

- Uşaqlarını erkən yaşdan repetitor yanına göndərən valideynlərə nə tövsiyə edərdiniz? Hətta ibtidai sinifdən uşaqlarını əlavə hazırlıqlara göndərən valideynlər var. Buna həqiqətən gərək varmı? Digər tərəfdən yuxarı siniflərdə hazırlığa gedən şagirdlərin baza təhsili də nəticələrdə böyük rol oynayır. Lakin nədənsə bu amil unudulur.

- Bu gün yüksək nəticə göstərən şagirdlərlə söhbət apardıqda onların aşağı yaşda repititor yanına getmədiyini və valideynlərinin onların dərsləri ilə yaxından maraqlandıqlarını, onlarla birlikdə dərslə məşğul olduqlarını söyləyirlər. Əlbəttə ki, istisnalar mövcuddur. Müasir dövrdə valideynlərin iş qrafikinin sıxlığı onları məcbur edir ki, repititorlara müraciət etsinlər. Erkən yaşda repetitora müraciət şagirdləri sanki hazır məhsula öyrədir, bu isə şagirdlərdə müstəqil öyrənmə bacarığının formalaşmasının qarşısını alır. Düşünürəm ki, şagirdlərdə baza təhsili araşdırma xarakterli qurularsa, bu onların gələcəkdəki akademik inkişaflarına müsbət təsir edəcək. Valideynlərə tövsiyəm odur ki, erkən yaşlarından uşaqlarda kitaba, elmə  maraq yaratsınlar, onlarla birlikdə oxuyub birlikdə inkişaf etsinlər. Ən əsası öz öhdəliyini, məsuliyyətini dərk edən şəxsiyyətlər böyütsünlər. Müasir texnologiyanın bizə verdiyi ən faydalı imkanlardan biri də, bütün resursların əlçatanlığıdır. Əminliklə deyə bilərəm ki, əgər şagirdin müstəqil öyrənmə bacarığı varsa, o, heç kimin köməyi olmadan lazım olan bütün bilikləri internet vasitəsilə əldə edə bilər.

 

- Xahiş edirik, bu şagirdlərin uğurlarında payı olan müəllimlərinizlə bağlı da məlumat bölüşərdiniz. Liseyin buraxılış imtahanlarında belə yüksək nəticə göstərməyinin formulu nədir? Bununla bağlı həmkarlarınıza hansı tövsiyələr verə bilərsiniz? Dərsləri hansı formada tədris etməlidirlər ki, şagirdlərin maraqlarını cəlb edə bilsinlər və belə yüksək nəticələr əldə olunsun?

- Şagirdlərimizin uğurunda bütün Gəncə FRİTL komandasının payı danılmazdır. Çünki əgər bir müəllim yalnız 11-ci sinifdə şagirdə dərs keçibsə, bu, yalnız onun uğuru ola bilməz. Neçə illər ərzində həmin şagirdə müxtəlif müəllimlər dərs keçib, yəni, bir şagirdin uğurunda bir komandanın əməyi var. Əgər bir müəllim 45 dəqiqəni vicdanla tədris edirsə, şagirdin inişafını düzgün təqib edib, doğru yönə istiqamətləndirirsə, onu motivasiya edirsə, şagird üçün səmimi mühit yaradırsa, sonda müəllim üçün də şagird üçün də arzu olunan nəticə alınır.

 

- Xüsusən yuxarı siniflərin idarə edilməsində hansısa əlavə metoddan istifadə edirsinizmi?

- Sinfin idarə olunması 45 dəqiqəlik dərsin hər bir dəqiqəsindən səmərəli istifadə olunmasından başlayır. Səmərəli dərs müəllimdən dərsə hazırlıqlı olmağı, təlim strategiyalarından düzgün istifadə etməyi tələb edir. Müəllim əvvəlcə sinifdə səmimi, şagirdin özünü rahat hiss edəcəyi öyrədici mühiti təşkil etməlidir. Bura məzmunun mənimsənilməsi üçün istifadə olunan texnologiyalar, müəllim-şagird, şagird-şagird əməkdaşlığı və s. daxildir. Həmçinin, dərs elə təşkil olunmalıdır ki, şagirdlərə fikir mübadiləsi aparmağa, müəyyən bir problemi müzakirə etməyə və  onun həlli yollarını tapmağa, fikirlərini sərbəst şəkildə ifadə etməyə imkan yaransın. Müəllimin mövqeyi şagirdlərin fikirlərinə hörmətlə yanaşmaq, onlarda özlərinə inam hissini artırmaqdır.

 

 

- Texnologiyalar gündən-günə inkişaf edir. Tendensiyalar, tələblər hər gün dəyişir. Təbii ki, bununla əlaqədar olaraq tədrisin məzmunu da dəyişir. Təsadüfi deyil ki, elm və təhsil naziri Emin Əmrullayev də Müəllimlərin XVI Qurultayında çıxışı zamanı da məzmun məsələsinə münasibət bildirmişdi. Siz tədris prosesini necə aparırsınız? Texnologiyaların hansı üstünlüklərindən istifadə edirsiniz?

- Xüsusilə aşağı siniflərdə texnologiyaların köməyindən faydalanmağa üstünlük veririk. Qeyd etdiyiniz kimi, tendensiyalar, tələblər hər gün dəyişir. Şagirdlərin marağı daha çox texnoloji avadanlıqlaradır. Biz müəllimlər də onlarla ayaqlaşmağa çalışırıq. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafının ən böyük töhfə verdiyi sahələrdən biri də təhsildir. Təhsildə yeni texnologiyanın tətbiqi, həm tədris prosesinin keyfiyyətini yüksəldir, həm də gənc nəslə İKT-nin mənimsənilməsi üçün şərait yaradır. Belə olan halda şagirdlər öyrənməyə daha həvəslə yanaşırlar.

 

- Dərsliklərlə bağlı vəziyyət sizi qane edirmi? Təhsil sistemində hansı dəyişikliklərin olmasını istərdiniz?

- Bizim liseyimizdə şagirdlər 9-cu sinfi bitirdikdən sonra öz istəklərinə görə seçdikləri ixtisas qruplarına uyğun təmayül siniflərində qruplaşırlar. Bu, o deməkdir ki, artıq şagird ali məktəbə hazırlaşır. Fikrimcə, təmayül siniflərinin dərslikləri Dövlət İmtahan Mərkəzinin qəbul imtahanına uyğun hazırlansa, daha məqsədəuyğun olar. Çünki hal-hazırda həmin siniflərdə dərs deyən müəllimlər sinif dərslikləri ilə bərabər məcburən 5-11-ci sinif mövzularını əhatə edən əlavə vəsaitlərdən istifadə edirlər. Ümumiyyətlə, ixtisas qruplarına görə təmayülləşmənin bütün ümumtəhsil məktəblərində tətbiqi yaxşı nəticə verə bilər.

 

- Son olaraq valideynlərə hansı tövsiyələri verərdiniz?

- Övladlarımız üçün ən gözəl tərbiyə məsləhətdən daha çox şəxsi nümunə olmağımızdır. Unutmayaq ki, övladlarımız bizi dinləməyə həvəsli deyil, amma  təqlid etməkdə olduqca həvəsli və bacarıqlıdır. Onların istəklərindən öncə ehtiyaclarını qarşılamağa çalışaq, onların yeməyinə, geyiminə diqqət göstərdiyimiz kimi - duyğularını və ruhlarını qidalandırmağa çalışsaq, arzuladığımız şəxsiyyəti formalaşdırmış olarıq.

 

Oruc MUSTAFAYEV