Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə və Bakı şəhəri üzrə bir qrup ümumi təhsil müəssisəsinin rəhbəri Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.

 

Öncə ümummilli lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin Hərbi Lisey ərazisindəki abidələrinin önünə əklil qoyulub.

 

Qonaqlara Hərbi Liseydə aparılan əsaslı təmir və yenidənqurma işlərindən bəhs olunub, kursantlar üçün yaradılmış şəraitlə bağlı ətraflı məlumat verilib. Bundan əlavə, iştirakçılar tədris korpusu, idman zalı, üzgüçülük hovuzu və mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan klubla tanış olublar.

 

Daha sonra Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən işlərlə bağlı təqdimat nümayiş olunub. Təqdimatda orta məktəb şagirdlərinin hərbi təhsil müəssisələrində təhsilə təşviq olunması, kursant qəbuluna dair cəlbediciliyin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.