Daha çox TR-YÖS kimi tanınan Türkiyənin ali təhsil məktəblərinə əcnəbi abituriyentlər üçün vahid qəbul imtahanı dünyanın 52 ölkəsində təşkil olunacaq.

 

Bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar bildirib.

 

Onun sözlərinə görə test imtahanı üçün həmin gün xaricdə 78 imtahan mərkəzi açılacaq.

 

“Biz xaricdə gənclərin əhatə olunmasını maksimal dərəcədə genişləndirmək üçün TR-YÖS imtahanını 6 dildə - türk, alman, ərəb, fransız, ingilis və rus dillərində təşkil edəcəyik”, - deyə YÖK başçısı deyib.

 

Özvar bildirib ki, ildə iki dəfə keçirilən imtahanın təşkilinə dünyanın 52 ölkəsində 400-dən çox tədris müəssisəsi olan Türkiyə Maarifçilik Şurası tərəfindən dəstək göstəriləcək.

 

“Bu günə olan məlumata görə, Türkiyə ali məktəblərində dünyanın 198 ölkəsindən 350 min əcnəbi tələbə təhsil alır. Təsadüfi deyil ki, ölkəmiz əcnəbi tələbələrin sayına görə TOP-10-a daxildir”, - deyə YÖK başçısı qeyd edərək xatırladıb ki, son zamanlar bir çox ölkə ilə ali təhsil sahəsində əməkdaşlıq üzrə sazişlər və memorandumlar imzalanır. Bununla yanaşı, bir çox ölkənin nümayəndə heyəti Türkiyədə müxtəlif təhsil layihələri və proqramların reallaşdırılmasını müzakirə edirlər. O, buna misal kimi Azərbaycanla uğurlu qarşılıqlı fəaliyyəti vurğulayıb.

 

YÖK başçısı bu ilin fevral ayında iki qardaş ölkənin liderlərinin iştirakı ilə imzalanmış sənəddə əksini tapan Bakıdakı Türkiyə-Azərbaycan Universitetinin açılışına dair razılaşmaya diqqəti cəlb edib.

 

AZƏRTAC