Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə keçirilən iclasda Biofizika İnstitutunun Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının müdiri b.ü.f.d., dos. Taleh Yusifovun 24 noyabr 2023-cü il tarixdən - 19 mart 2024-cü il tarixədək Kaliforniya Universitetinə (Los Anceles, ABŞ) elmi ezamiyyəti ilə bağlı hesabatı dinlənilib.
B.ü.f.d. dos. Taleh Yusifov Kaliforniya Universitetinə (UCLA) professor qismində dəvət alıb və ezam olunduğu müddət ərzində elmi tədqiqatlarını həmin universitetin Anesteziologiya və Perioperativ Tibb Departamentində apardığını, professorluq fəaliyyəti dövründə ion kanallarının struktur-funksiya əlaqəsi üzrə elmi-tədqiqat layihəsində iştirak etdiyini qeyd edib. O bu müddət ərzində apardığı tədqiqat işlərini və alınan nəticələri bir neçə elmi seminarda təqdim etdiyini də vurğulayıb:
20.12.2023-cü il tarixində: “BK kanalının hemdən-asılı modulyasiya mexanizmi: Sitoxrom-C modeli” (Molekulyar Tibb Bölməsi);
27.12.2023-cü il tarixində: “BK kanalının karbon monoksid (CO) modulyasiya mexanizmi”(Molekulyar Tibb Bölməsi);
27.02.2024-cü il tarixində: “İnsan BK kanalının vasitəçiliyi ilə oksigeni hiss edən mexanizm” (Anesteziologiya və Perioperativ departamenti).
Daha sonra b.ü.f.d., dos. Taleh Yusifov eksperimental məlumatlarını ümumiləşdirib “İnsanın BK kanalı “Gating ring” yüksək afinliyə malik hem sensorudur” başlığı altında elmi məqaləni çap üçün hazırladığını da qeyd edib.
Sonra Kaliforniya Universitetinin Anesteziologiya və Perioperativ departamentinin Molekulyar Tibb bölməsinin professoru Rikkardo Olsisin məktubu ilə bağlı, iki institut arasında birgə tədqiqat əməkdaşlığı və birgə qrant layihələrinin imkanları barədə müəyyən müzakirələr olunub.
Daha sonra ETN Biofizika İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında qərar qəbul edilib. Dəyişikliyə əsasən institutun Elmi şurasının tərkibinə b.ü.f.d. dos. Taleh Yusifov, a.ü.f.d. dos. Həmayıl Adıgözəlzadə daxil edilib.
Sonda cari məsələlər müzakirə olunurkən direktor institutun bir neçə əməkdaşlarının plagiat və fabrikasiya cəhdinin qarşısının alınması məsələsində gördükləri işləri yüksək qiymətləndirilib və onlara təşəkkürünü bildirib.