Reytinq cədvəli hazırlanarkən ümumi təhsil müəssisələrinin əsas məqsədi nəzərə alınmalıdır
Artıq bir neçə ildir ki, Təhsil Nazirliyi tərəfindən IX və XI siniflərdə keçirilən buraxılış imtahanlarının nəticələri təhlil edilir və ölkənin bütün məktəblərinin reytinq siyahısı hazırlanır. Bu dərs ilindən başlayaraq, Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin reytinq cədvəli hazırlanarkən başqa meyarlar da nəzərə alınacaq. “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçirilən yeni meyarla aparılacaq dəyərləndirmə müsbətə yönəlik rəqabətə yol açacaq.
Gəlin görək, təhsilin keyfiyyətə qədər məktəbin reytinq cədvəlindəki mövqeyinə təsir edəcək amillər hansılardır?
Məktəbdə şərait
Təhsil Nazirliyi təhsilin keyfiyyətinə təsir edən amillərdən biri kimi məktəb tikintisinə xüsusi əhəmiyyət verir. Qurumun Aparat rəhbərinin müavini Fərzəli Qədirov bu istiqamətdə görülən işlər barədə məlumat verərək deyib ki, 2017-ci il ərzində 71 məktəb tikilib: “Onların 61-i modul tiplidir. Ölkədə ilk dəfə olaraq şagird kontingenti az olan kənd məktəbləri üçün hər cür şəraiti olan binalar quraşdırılıb. 12 məktəb binası əsaslı təmir edilib. Cari təmir işləri 460-dan çox məktəb binasında tamamlanıb, 24-də isə hələ davam etdirilir. Paytaxtda da bir sıra məktəblər əsaslı təmir olunub, bəziləri üçün hətta yeni korpus tikilib. 20 nömrəli məktəbin tam yeni binası istifadəyə verilib”.
Ancaq işlər bununla tamamlanmayıb. Belə ki, şəraiti yaxşılaşdırılan məktəblərin sayının artırılması nəzərdə tutulub. Təhsil naziri Mikayıl Cabbarov Bakı şəhər təhsil işçilərinin konfransında çıxışı zamanı bu sahədəki planlardan danışarkən deyib ki, 2017-ci ilin sonuna kimi istifadəyə verilən modul tipli məktəblərin sayı 100-ə çatdırılacaq, gələn il daha 132 məktəb quraşdırılacaq.
XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev hesab edir ki, bu ilin paradiqması təhsilin keyfiyyətinin artırılmasında coğrafiya amilinin aradan qaldırılması olsa, daha yaxşı olar: “Tikilən məktəblər, xüsusən, modul tipli məktəblərin sayının artması məhz bu amilə xidmət edir. Buna baxmayaraq, “yaxşı məktəb” - “pis məktəb” anlayışları hələ qalır. Hətta şəhərdə belə, bu amilə görə bir ərazidən başqa əraziyə uşaq aparırlar. Təhsilin keyfiyyəti hər məktəbdə nəzarət altında olmalıdır. Məktəbin reytinqi hesablananda bu, nəzərə alınmalıdır”.
Təhsil naziri Mikayıl Cabbarov reytinq cədvəlində yeri müəyyənləşdirilərkən, məktəbin nəinki təmirli olmasının, yerləşdiyi ərazinin sosial-iqtisadi vəziyyətinin də nəzərə alınacağını bildirib: “Daha ədalətli olmalıyıq. Yeni təmirdən çıxmış Bakı şəhərinin yüksək sosial inkişafından yararlanan ərazilərdə yerləşən məktəblə daha təmirsiz və az inkişaf etmiş sosial-iqtisadi ərazidə yerləşən məktəbin akademik göstəricilərini müqayisə etmək ədalətli deyil”.
Keyfiyyət göstəricilərindən biri - medallar
Təhsilin keyfiyyət göstəricilərinin ildən-ilə artdığını şagirdlərin beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlər də təsdiq edir. Bu nailiyyətlər məktəblərin reytinq cədvəli hazırlanarkən mütləq nəzərə alınacaq. Təhsil Nazirliyi Aparatının rəhbəri F.Qədirov 2017-ci il ərzində Azərbaycan məktəblilərinin qazandığı uğurlardan danışaraq qeyd edib ki, şagirdlərimizin builki 2 qızıl, 6 gümüş, 23 bürünc medalı əvvəlki illərlə müqayisədə çox yüksək göstəricidir.
“Olimpiada göstəriciləri dünyada orta təhsilin keyfiyyətini xarakterizə edən mühüm kriteriyalardandır” fikri ilə F.Qədirovun sözlərinə qüvvət verən təhsil üzrə ekspert Etibar Əliyev bu parametri təhsilin keyfiyyətində yüksəlişin əsas göstəricisi hesab edir.
Yeni təhsil proqramı keyfiyyətin ölçülməsində yeni meyarlar tələb edir
Təhsil üzrə ekspert Nadir İsrafilov isə aparılan islahatların təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyi fikri ilə razılaşsa da, bu məsələyə yanaşma tərzində dəyişiklik tələb olunduğu qənaətindədir: “2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunması “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan prioritetlərdən birinin həyata keçirilməsi deməkdir. Lakin hesab edirəm ki, təhsilin keyfiyyətinə yanaşma tərzimizi dəyişməliyik. İndiyədək təhsilin keyfiyyətinə bir neçə nəfərin olimpiadada, bir neçə nəfərin qəbul imtahanlarında uğuru kimi baxmışıq. Kurikulumun tətbiqi nəticəsində bu baxışa yenilik gətirildi. Belə qəbul olundu ki, ənənəvi tədris planları bilik yönümlü idi, kurikulum isə şəxsiyyət yönümlüdür. Amma biz yenə təhsilin keyfiyyət göstəricilərini medalların və ya ali məktəblərə qəbul olunanların sayı ilə müəyyənləşdiririk. Çünki şəxsiyyətyönümlülüyü ölçən kriteriyaları hazırlamamışıq”.
“Təhsil xidmətləri” Mərkəzinin rəhbəri Kamran Əsədov da qeyd edir ki, ən yaxşı məktəbi müəyyənləşdirərkən, sadəcə akademik göstəricilər nəzərə alınmamalıdır. O, bu fikirdədir ki, reytinq cədvəli hazırlanarkən orta məktəbin əsas məqsədi göz önündə tutulmalıdır: “Ən yaxşı məktəbimiz hansıdır? Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək bal toplayanların olduğu məktəb. Hansı məktəb daha çox şəhid verdiyinə görə, əsgər yetişdirdiyinə görə yaxşı məktəb hesab olunur? Heç biri. Orta məktəblərimiz ali məktəblərə uşaq hazırlığı həyata keçirməməlidir, həyata şəxsiyyət hazırlamalıdır”.
F.Qədirov bu məsələdə ekspertlərlə razılaşır. Onun fikrincə, qəbul imtahanları təhsildə keyfiyyəti müəyyənləşdirən parametrlərin bir qismidir. Təhsildə keyfiyyət ili elan edilməsinin səbəblərindən biri də odur ki, keyfiyyət standartları nəinki ümumi təhsildə, bütün təhsil pillələrində müəyyənləşsin: “Təhsil naziri qarşıya belə bir məqsəd qoydu ki, məktəblərin reytinq cədvəli hazırlanarkən yalnız buraxılış imtahanlarının nəticələri deyil, digər nailiyyətlər də nəzərə alınsın. Bu məqsədlə tapşırıq verilib ki, reytinqin müəyyənləşməsi üçün digər meyarlar işlənib hazırlansın və məhz həmin göstəricilər təhlil edildikdən sonra bütün məktəblər üzrə reytinqlər müəyyənləşsin. Hazırda nazirliyin aidiyyəti şöbələri bu işlərə başlayıb və belə bir göstəricilər sistemi işlənib hazırlandıqdan sonra reytinq cədvəlləri bu meyarlar əsasında hazırlanacaq”.
Təhsil naziri Mikayıl Cabbarovun reytinq cədvəlinin yeni meyarlar əsasında formalaşdırılması barədə göstərişindən görünür ki, ekspertlərin dilə gətirdiyi məqamlar burada - reytinqin hesablanmasında yeni meyarlar siyahısında öz əksini tapacaq: “Təhsil İnstitutuna təklif edirəm ki, həmin reytinq cədvəlinə yeni meyarların əlavə edilməsi istiqamətində işlərə başlasınlar. Hesab edirəm ki, artıq sadəcə buraxılış imtahanlarının nəticələrini əsas götürmək kifayət etmir. Yaradıcılıq, akademik, beynəlxalq olimpiadalarda nəticələr, idman sahəsində (peşəkar və ya həvəskar olmağı fərq etməz) nailiyyətlər, kütləvi idmanda komandalarla iştirak və s. məktəblərin qiymətləndirilməsində nəzərə alınmalıdır”.
Alim, yoxsa vətəndaş?
Beləliklə, “Təhsildə keyfiyyət ili” daha bir yeniliklə müşahidə olunacaq. Tədris ilinin sonunda bəlli olacaq ki, hansı məktəb kimi yetişdirir: alim, yoxsa vətəndaş?
Ruhiyyə DAŞSALAHLI