Aprelin 4-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Facebook səhifəsində agentliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalının aparıcılığı ilə təqdim edilən canlı yayımda Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyəti dövründə  görülən işlərdən danışıb və izləyicilərin suallarını cavablandırıb.
 
Şöbə müdiri İ.Rəsulova bildirib ki,  MÜTDA-nın yaranması və icra mexanizmlərinin bu agentliyə ötürülməsi bu sahədə canlılıq yaradıb, işlər daha dinamik getməyə  başlayıb. Məktəbəqədər təhsil müəssisələrinə nəzarət və bununla bağlı prosedurların hazırlanması, idarəolunması, Elm və Təhsil Nazirliyi tərəfindən irəli sürülən Strategiyada göstərilən fəaliyyətlər daha çevik həyata keçirilməyə başlanıb.  
 
İ.Rəsulova qeyd edib ki, agentliyin fəaliyyəti dövründə yerli regional təhsil idarələri və Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən məktəbəqədər təhsil müəssisələrində mütəmadi monitorinqlər keçirilib və burada idarəetmə, digər səpkili problemlər üzə çıxarılıb, nəticədə bu işə cavabdeh olan məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri barəsində tədbirlər görülüb. Belə ki, monitorinq nəticəsində, təxminən 40-a yaxın müdir işdən çıxarılıb, 246 nəfərə xəbərdarlıq  edilib və  şiddətli töhmət verilib. 
 
İ.Rəsulova qeyd edib: “Beynəlxalq qiymətləndirmə layihələri və digər araşdırmalar göstərir ki, məhz məktəbəqədər təhsilin faydası uşağın gələcək formal təhsilində və ümumilikdə həyatda uğurunun əsas mənbəyidir. 0-5 yaş aralığı məktəbəqədər təhsil dövründə uşağın inkişaf sahələrinin ən sürətlə, dinamik şəkildə getdiyi bir vaxtdır ki, bu müddətə ən çox qoyulan sərmayə artıq ibtidai, orta və digər təhsil pillələrində daha az enerji, vaxt və resurs sərf edilməsinə səbəb olur. Respublikada məktəbəqədər təhsil müəssisələrinin saylarının az olması və az sayda, təxminən 35 faizə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması digər alternativ modellərə müraciət etməyə zəmanət yaradıb”.
 
Şöbə müdiri əlavə edib ki, 2023-cü ilin sonunda “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant layihəsi elan olundu, nəticədə 16 layihə uğur qazandı və bu layihələrdən böyük gözləntilər var. Eyni zamanda “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsindən də söz açan İ.Rəsulova bu layihənin 5-6 ildir ki, uğurla fəaliyyət göstərdiyini, bu il üçün bu layihənin sayının daha da artırılmasının nəzərdə tutulduğunu qeyd edib. Bildirilib ki, indiyə qədər 693 mərkəz var idisə, bu il üçün 141 mərkəzin açılması nəzərdə tutulur. Eyni zamanda. layihə çərçivəsində 17 minə qədər uşaq olduğu halda, artıq 20 minə qədər 3-4 yaşlı uşaqların cəlb olunması planlaşdırılır.
 
 
Lamiyə