Ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq təşəbbüslər irəli sürülüb. Ölkə başçısı İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli sərəncamına əsasən, təsdiq olunan “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqram”ı da məhz sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsinə geniş imkanlar yaradır.
Elm və Təhsil Nazirliyinin son illər həyata keçirdiyi ən uğurlu işlərdən biri də məhz inklüziv təhsillə bağlı olub.
İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan, əqli və ya fiziki cəhətdən zəif uşaqlara məktəbəqədər və ümumitəhsil müəssisələrində təhsil almaq imkanı verən, uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf və inteqrativ prosesdir. İnklüziv təhsil həm də bərabər imkanlar, yaradıcı inkişaf deməkdir.
Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsində uğur qazanan layihələrdən biri də “İnklüziv təhsil səfirləri”dir.
Layihə haqqında “Azərbaycan müəllimi”nə danışan Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə qeyd edib ki, bu günlərdə Gəncə Dövlət Universitetində (GDU) məlumatlandırma sessiyası keçirilib. Adıçəkilən layihənin həm də rəhbəri olan həmsöhbətimiz GDU-da keçirilən tədbirdə ali təhsil müəssisəsinin elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadənin və humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanın sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramının üstünlüklərindən söhbət açdıqlarını diqqətə çatdırıb: “Bilirsiniz ki, inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların müstəqil bir fərd və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. Və üstünlüklərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla sağlam uşaqların bir yerdə təhsil almasıdır ki, bu da son nəticədə sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafına yardım edir”.
M.Əlizadə əsas məqsədin layihənin əhatə dairəsinə aid olan müəssisələrdə təhsilalanlar və təhsilverənlər arasında inklüziv təhsillə bağlı geniş maarifləndirmə işlərinin aparılması və sağlamlıq imkanları məhdud uşaqlara təhsilin bütün pillələri üzrə bərabər imkanların yaradılması olduğunu diqqətə çatdırıb.
Onu da qeyd edək ki, “İnklüziv təhsil səfirləri” layihəsi çərçivəsində Gəncə Dövlət Universitetinin 30 tələbəsi təlimlərdə iştirak edəcək. Proqramı müvəffəqiyyətlə başa vuran tələbələr Gəncə şəhərinin 10 pilot məktəbində (2, 5, 7, 8, 10, 12, 13,26, 29, 39) “İnklüziv təhsil səfirləri” kimi fəaliyyət göstərəcəklər. Onlar həmin ümumtəhsil müəssisələrində pedaqoji və şagird kollektivlərini inklüziv təhsillə bağlı məlumatlandıracaq və gələcəkdə adları qeyd olunan məktəblərdə inklüziv siniflərin açılmasını təşviq edəcəklər.
Layihə iyul ayında yekunlaşacaq.
Samirə KƏRİMOVA