Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.
BMU-nun rektoru Yaqub Piriyev qonaqları təhsil müəssisəsinin maddi-texniki bazası, mövcud infrastrukturu, tədris-təcrübə zonası və yataqxanaları ilə tanış edib. Eyni zamanda TKTA nümayəndələri universitetin müxtəlif təyinatlı müasir laboratoriyaları, tədris korpusları, auditoriyaları, tədris-istehsalat otaqlarını gəziblər və onlara buradakı mövcud imkanlar barədə ətraflı məlumatlar verilib.
BMU Texnoparkına baxış zamanı elmi tədqiqat fəaliyyətinin daha da genişləndirilməsi, sahibkar universitet modelinin reallaşdırılması üçün nəzərdə tutulan layihələr, planlar və hədəflərə toxunulub, geniş fikir mübadiləsi aparılıb. Tələbələrin ideyaları əsasında formalaşdırılmış startap komandaları, hazırda BMU Texnoparkında 12 belə startapın inkişaf etdirilməsi üçün onlara verilən dəstək, tələbələrin reallaşdırdıqları layihələr və digər istiqamətlərdə görülən işlər də diqqətə çatdırılıb.