Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsində qalib olan “Şagirdlərin oxu bacarıqlarının inkişafı” layihəsi işini uğurla yekunlaşdırıb. Layihə ibtidai sinif şagirdlərində mütaliə vərdişlərinin formalaşdırılması, sinifdənxaric oxunun səmərəli təşkili, şagirdlərdə oxuyub anlama bacarığının inkişaf etdirilməsi məqsədini daşıyır.
Layihəyə 258, 47 və 36 nömrəli məktəblərin ümumilikdə 14 ibtidai sinfi cəlb olunub. İki mərhələdən ibarət olan layihədə şagirdlər “Əngəlsiz arzular”, “Kralın kreslosu”, “Əli və Zümrüdün sehrli xalçası”, Şərqin ilk qadın təyyarəçisi” və “Dəmir yolu uşaqları” kitablarını oxuyublar. İlk mərhələdə kitabların müzakirəsi aparılıb, şagirdlərin əsərə yanaşması, təhlil bacarıqları yoxlanılıb. İkinci mərhələ yazılı və şifahi formada qurulub.
Ümumilikdə 3 məktəbdən 15 qalib müəyyənləşdirilib. Şagirdlər layihə müddətində həmçinin müəlliflərlə də görüşüb, müzakirələr aparıb, kitabxanalara səfər ediblər.